Monday, July 28, 2014

Çox sevmişəm

Mən səni çox sevmişəm 

Nə ulduzlar nə də göy üzü qədər.

Sən ki bilirsən

Bu sözlərlə qurulur bütün bəsit sevgilər. 


Nə qədər kor birisi qaranlıqdan yorulur,

Bax mən səni o qədər sevmişəm. 

Gecə oyatmamaq üçün

Səhər-səhər sevmişəm. 


Mən səni çox sevmişəm,

Məcnunun Leylini,

Kərəmin Əslini,

Ninonun Əlini,

Ya da nəbilim 

Xosrovun Şirini sevdiyi qədər sevməmişəm. 

Mən səni kimlərəsə oxşatmadan

Sevgi nağıldır deyib aldatmadan sevmişəm. 


Mən səni çox sevmişəm,

Bu mahnıdakından da çox,

Qış günəşində altın kirpiklərini yox

Küləkli buludlu Dekabr günündə

Günəş kimi ansızın gəlişini sevmişəm,

Gülüşünü sevmişəm. 


Mən səni çox sevmişəm,

Çoxun da bir ölçüsü olmur axı. 

Çox sevmişəm deməklə

Qarın cəhənnəm, ürək dolmur axı. 

Mən səni bir qarınlıq çörəklə

Bir içim suyu böləcək qədər sevmişəm.

Mən səni bir yerdə öləcək qədər sevmişəm.

No comments:

Post a Comment