Tuesday, July 30, 2019

meyvəsiz ağac

çinarın kölgəsindən
məhrum olan çiçəyin
ağlamaq səsi gəlir
aldığı nəfəsindən...

heyhat, bu nə cür olar?
gözlərini açanda
nəhəng dağ boyda çinar
yoxa çıxır bir anda.

səyyahlara bənzəyir
qırılan budaqları.
yol alır uzaqlara,
duyulmur soraqları...

ələ gəlmir meyvəsi,
dostu deyil acların.
belədir hekayəsi
meyvəsiz ağacların...

qırılanda bir günə,
kötüyündən qırılır,
çiçəklər ona deyil,
bir-birinə sarılır,
elə həmişəkitək..


Sunday, June 30, 2019

Dənizlərin məhbusu

Göy üzünə dənizlərin
Dərinindən baxırıq
Ki bizləri
Dənizlərə həbs ediblər,
Arada bir çıxırıq...

Xəzər vurur dalğaları,
Biz dərində...
Bakı sənin gözlərində,
Elə mən də...

Nə gözəldi səhərləri
Gözlərində əksi olan
Şəhərlərin...
Və gözlərin...

Və küləkdən
Qaçıb gələn saçlarına
Sığal çəkir barmaqlarım..
Bu dənizə həbs edilən
Saçlarına...


Monday, April 1, 2019

Manyofobiya 3

Yaşamın anlamsızlığını və necə bəsit, gülməli əsaslara söykəndiyini anlamaq və anlamağın verdiyi tükənmişlik hissi hər gün özünü yeniləyir. İşin ən yorucu yanı həyatın anlamsızlığı deyil amma, bu anlamsızlığı bölüşmək məcburiyyətində olmaq bezdirir. Sanki bir anlamı var imiş kimi davranaraq həyatdan dörd əllə yapışan qorxusuz, vəhşi və ruhsuz insan yığını ilə ən adi bir ortaqlığa belə səbrim çatmır, hər gün eyni səmaya baxmaq, eyni havadan nəfəs almaq, eyni dildə danışmaq, yaxud eyni səsləri duymaq kimi. Xoşbəxtlikdən qaçmağı dayandırsam da insanların çirkinliklərini görməkdən özümü saxlamaq günəşin işığını görürəm deyə yaratdığı susuzluğu görməzdən gəlmək kimi olardı, bacarmıram. Bəlkə də bacarmaq istəmirəm, hətta bundan utanıram. Dəyişmək, dəyişib murdar cəmiyyətin təbii bir parçasına çevrilmək düşüncəsi neçə illərdir beynimin hüceyrələrini gəmirən dəli olmaq qorxusundan daha vahiməli bir hal almağa başlayır - iyrəndiyim çirkabın içində boğulmaqdan yox, çirkaba çevrilməkdən qorxuram. Yorulmuşam.

Monday, March 11, 2019

Ağlama görüm...

Gözlərin qəlbinin astar üzüdü,
Bağlama, görüm.
Sıxma ürəyini, qaldır üzünü,
Ağlama görüm...

Sən belə susduqca qəlbim üzülür,
Qəlbində saxladığın
gözlərinə düzülür,
Saxlama görüm,
Ağlama görüm...

Sunday, February 10, 2019

Su

gedənin arxasından
gözlər də su atır ki,
geri qayıda bəlkə...

Thursday, December 20, 2018

zaman

bir güzgü ayırır iki dünyanı,
dünyalar arası incə cizgi - an.
gözləri möhürlü aciz insanı
güzgüyə aparan məsafə - zaman.

insan ki güzgüyə çatmağa qorxur,
qolları dirənir dirəklər kimi.
mənimsə başımda həyəcan dolu
fikirlər dolanır küləklər kimi...

fikirdən ağlım da qarışdı bəlkə,
varlığım özümə necə də yaddı.
yaşamaq zamanla yarışdı bəlkə,
ölmək qələbədi, qalmaq inaddı.

Sunday, November 18, 2018

Özümə xitab

bir az da danışsan yağış yağacaq,
bir bulud keçəcək qaşımın üstdən,
qaşlarım çatılıb şimşək çaxacaq,
tüstüsü çıxacaq başımın üstdən.

bir az da ağlasan dəniz daşacaq,
saçlarım küləyə dönüb əsəcək,
dənizdə od görüb göylər çaşacaq,
balıqlar sahilə çıxıb gəzəcək.

yanacaq dənizin suyu, dalğası
qəlbinin qırmızı odundan sənin,
bir az da bitməsə könlünün yası
adın da çıxacaq yadından sənin.

bir az da gizləsən kim olduğunu
qopub gedəcəyəm canından daha,
düşüncən hər gecə bölür yuxumu,
bezmişəm bu dərdli halından daha...

Saturday, June 30, 2018

gecə

ey səhər, gecəni bitirmisən ki,
sən gəlib çatanda ayağa duram?
gəlmisən, nə xəbər gətirmisən ki,
gözlərin gizlənir, qaçır? qorxuram...

gecənin gözündən axan yaşları -
şəbnəmi silməyə çalışma, olmaz.
fikirli-fikirli çatıb qaşları
ağlayan gecəyə səbəb sorulmaz.

gecənin dərdini mən bilirəm, mən.
sənin gətirdiyin xəbər dərd deyil.
onun ürək qıran kəlmələrindən
sənin zərbələrin daha sərt deyil.

qaranlıq içində boğulub ölür,
kimsə də demir ki, gecə hardadı?
zülmətin küncünə sıxılıb ölür
ki, sübhün gözləri intizardadı.

hər kəsin özgəyə günah yıxdığı
gecələr gündüzü bizə dar edir.
sonuna çatanda günün çıxdığı
hər gecə bir gecə intihar edir...

Wednesday, June 6, 2018

ömrümün əzizi

sən günəşin əksisən,
qamaşdırıb gözümü
kirpiyimə dəyirsən.

elə vaxtda gəlmisən,
payız örtüb yazımı,
yay olsun istəyirsən...

sən gecənin sonusan,
sənin peyda olmağın
yeni günün müjdəsi.

mən də deyiləm susan,
bəs edər toxunmağın,
gələr könlümün səsi.

səni görmək həvəsi...
görünmür dinəcəyi,
dalğalanır dənizi.

sən ruhumun nəfəsi,
sən könlümün çiçəyi,
sən ömrümün əzizi,

Friday, May 25, 2018

Güzgü

Göy üzündən yerə düşən damlalar yağış deyil,
Buludların cəsədidi ki, üstümə yıxılır.
Gözlərindən qaçıb gələn adicə baxış deyil,
Yüz illərin həsrətidi, gözlərimə yığılır.

Günəş gəlib pəncərədən mənə baxır səhərdən,
Yaxın gəlib dur önümdə, o da gözünü çəksin.
Güzgülərə baxan zaman səni görürəm hərdən,
Görən məni görə bilir güzgüdən baxan əksin?

Bu güzgünün arxasında hardasa bir yerdəyik,
O yerdi ki, uzanıram, çata bilmir əllərim.
Bəlkə elə dünya kimi özümüz də girdəyik,
Dığırlanım, çatım sənə, dəyişsin fəsillərim.

Sunday, May 13, 2018

Fırlanan zərrələr

Asiman qucağımdan daha böyük olsa da,
Kəhkəşan gözlərimin qapağından kiçikdi.
Dünyada mənim kimi zərrələrdən bolsa da,
Gendə dursan dünyanın özü də zərrəcikdi.

Gözümdə böyütmüşəm bu dünyanı, amma ki,
Gözümün sərhədindən kənara çıxa bilməz.
Fəqət, ayağa qalxsa, yıxar məni. Sanma ki,
Ayağımın altdadı, əzərəm, yıxa bilməz.

Bəlkə bundandı qorxum, başına dolanıram,
O da qorxur işıqdan, çevrəsində dövr edir.
Beləcə dövran dönür, fırlanır aram-aram,
Beləcə var oluruq, beləcə zaman gedir.

Zərrələr də birləşir fırlanaraq, beləcə,
Və insan fikirləşir, "Mən bir ovuc torpağam.
Və elə torpağa da dönəcəyəm bir gecə,
Sonra dünyayla birgə mən də fırlanacağam."

Friday, April 27, 2018

...

bu otaqlar nə üçün qəmli durub əzab verir hər gələnə, gedənə? divarları, qapıları kim yorub? pəncərələr yarımçıqdı, tay mənə. tavan, gördüyün gözləri say mənə, ümid dolu, sevinc dolu, dərd dolu. bu çıraq ki gecə olur ay mənə, gün çıxanda pəncərəmiz qərb olur. bu bina baş ayaq bir binadı ki, pillələr aşağı düşürlər ancaq. yuxusuz gecələr burda nədi ki, kimsəsiz səhərlər var qucaq-qucaq. gecə pərvanələr gəlib yığılır darıxan gözlərin işıltısına. yazda quş səsindən fikir dağılır, payızda xəzanın xışıltısı var. bircə insan səsi duyula bilmir, ürəklər danışır, gözlər danışır, bu yerdə heç kəsin yuxusu gəlmir. burda qaranlıqda gözlər qamaşır.

Monday, April 16, 2018

İnsanlarıq

Göy üzünə həkk olan buludların
Qucaqlaşıb qurduğu şəkillərik,
Min illərcə göydən gələn odların
Atəşindən arda qalan küllərik.

Dənizlərin daşdığı günlər qədər
Çarpışırıq, dənizlərdə batmırıq.
Küləklərin əsdiyi yönlər qədər
Yol bilirik, küləklərə çatmırıq.

Qurduğumuz daşların altındayıq,
Əzilmişik, xəbərimiz olmayıb.
Bizdən olsa daha burda qalmarıq,
Yorulmuşuq, hələ zaman dolmayıb.

Üfüqləri yarmağa illər gərək,
Biz bir anın mində birincən varıq,
Əzdiyimiz zərrələrdən hürkərək
Öz özündən qorxmayan insanlarıq.

Sunday, April 15, 2018

Qəfəs

İki kirpiyimdən qəfəs düzəldib,
Gözlərimi yumuram ki,
Getməyəsən, qalasan.
İki ciyərimdən nəfəs düzəldib,
Yaşamağı umuram ki,
Sən də nəfəs alasan.

Hardasan?

gecə gündüz sən olduğun yerdəyəm,
əllərinə nə zamandı toxunmuram,
hardasan?
bir qələmin axıb gedən dərdiyəm,
yazılmışam, oxunmuram, 
hardasan?

baxmadığım yer mi qalıb,
qalmayıb,
dörd yanımı tufan alıb,
hardasan?

yıxmadığım divarların arxasına həbs olub
baxmadığım günəşlərdə yanmışam,
göy üzünün rəngi solub,
mən ən mavi tərəfində dayanmışam,
hardasan?

divarları yıxmalıyam,
hardasan?
tufanların arxasına baxmalıyam,
hardasan?
varlığımı unutmalı,
əllərini tutmalıyam
hardasan?

Wednesday, March 21, 2018

Bir ayaq iziyəm

Bu yerdə varlığım gözlərə dəymir,
Bir ayaq iziyəm, itib batmışam.
Ayağım qoyduğum izlərə dəymir,
İzim var, yoxamsa, demək çatmışam.

Bilinən ən uzun yolun yolçusu,
Silinən ən kiçik zaman mən idim.
Tükənməz şeylərin bitən sonlusu,
Özünü tükənməz sanan mən idim.

Gəlmişəm çatmışam qapına sənin,
Varlığım, yoxluğum - hamısı burda.
Salam gətirmişəm adına sənin
Sahibsiz izdən ki itib yollarda.

Tuesday, March 13, 2018

Yetim dünya

Bir yetim dünya düşün,
Ac qalıb susuz qalıb,
Özəyinə od düşüb,
Dağlarında buz qalıb.

Bir yetim dünya düşün,
Bu anası ölmüşün
Qısılıb ağlamağa
Bircə küncü də yoxdu.
Özünü saxlamağa
Zərrə gücü də yoxdu,
Dönür, dönür durmadan.

Bir yetim dünya düşün,
Çiyinləri yormadan
Göydə süzülüb gedir.
Ayaqların altında
Hər gün əzilib gedir.

Bir yetim dünya düşün,
Yorulmur və üşənmir.
Bir yetim dünya düşün,
Onu kimsə düşünmür.

Thursday, March 8, 2018

Yollarım

Yanağında bitirdiyin gülüşləri dərmişəm,
Saçlarına, saçlarına hörmüşəm.
Günəşlərdən, günəşlərdən gətirdiyin,
Gözlərinin iç üzünə gizlədiyin parıltını  görmüşəm.

Saxlamışam hər şeyini yadımda,
Ağlamışam, ağlamışam, səni görüb susmuşam,
Əllərini, əllərini tutmuşam,
Səndən özgə hər şeyi ki unutmuşam, yadımda.

Ayağının izlərini, ayağının tozlarını tapmışam,
Bu yollarda, bu yollarda itmişəm.
Düşünmədən sən görünən,
Görünməyən tərəflərə sapmışam,
Bu yollarda qışda, qarda gəzmişəm,
Uzaqlarda, uzaqlarda gəzmişəm...

Baxım görüm baxışların hardadı,
Yeridiyim yollara mı, yollara mı zillənir?
Baxım görüm göz yaşların hardadı,
Kirpiyinin ucunda mı yellənir?
Mənim axı bu yollarım, yollarım
Baxışların hara dönsə ordadı.

Friday, February 23, 2018

Fəsillər (Uşaq şeiri)

Yazda açan güllər nəyin nəsidi?
Onları torpaqda Günəş bitirir.
Dünya ki Günəşin sevgilisidi,
Yanına gələndə çiçək gətirir.

Yayın quruluğu nədəndi belə?
Dünyadan inciyib bulud qardaşı.
Susuz qaldığını o bilə-bilə
Özündə saxlayır, vermir yağışı.

Səbəbi nədi bəs qızıl xəzanın?
Sarı yarpaqları bir-bir dərirlər,
Ağaclar dostudu, gərək, dünyanın,
Ona canlarından pay göndərirlər.

Qış olanda yerə qar yağır, niyə?
Dünya göy üzünün körpə balası,
Qışın soyuğundan donmasın deyə
Dünyanın üstünü örtür anası.

Mən kiməm?

Bu gün göyün üzü kimi bomboşam,
Üfüqlərdən sarılmışam dünyaya.
Qayaları zirvəsindən tutmuşam,
Rəngi olub qarışmışam dəryaya.

Yox olmuşam bir bütünün içində,
Bu bütünün zərrəsiyəm ya necə?
Bədən mənəm insani bir biçimdə,
Yoxsa yaşam həvəsiyəm eləcə?

Sarıldığım dəniz qədər şəffafam,
Bənzədiyim səmacan görünməzəm,
Qum içində zər tanıyan sərrafam,
Zərrələrdən məni tapa bilməzəm.

Sovruluram bilmədiyim bir yana,
Rüzgar axır dayanmadan, durmadan,
Çevrilirəm zaman-zaman insana,
Zaman-zaman yox oluram, olmuram.