Sunday, September 27, 2015

Payız...

payız niyə oldu yaxın?
hər tökülən quru yarpaq
qollarımla dirçəltdiyim
bir ağacın..

çiçəklər niyə tez soldu?
niyə yağdı yenə leysan?
bir xahişim oldu
mənim
ən dəyərli dostlarımdan,
yerə vurdular sözümü..

çıxardılar gözlərimdə gizlədiyim
yalvarışı yadlarından..
dönmədilər axmaq inadlarından..

incitdilər,
ürəyimi sındırdılar,
qollarımdan tonqal qurub
yandırdılar..

bir kimsəyə dönüb daha
dərdimi aça bilmədim,
yarpaqlarım xəzan oldu,
payızdan qaça bilmədim..

Thursday, September 24, 2015

Əllərim..

boğazıma yığılıb
söz yığını,
nəfəs almağa qoymur,
yerə düşüb qələm qabım,
tez yığ onu,
əllərim..

udqunuram zəif-zəif,
yuxuları
saçlarımdan asmışam,
çayımın da uçub gedir buxarı,
tez tut onu,
əllərim..

gülüşlərim,
göz yaşımdan yuxarı,
gəlişlərim
bu yollara ağırdı,
sallandığım körpülər də qırılır,
burax onu,
əllərim..

ümidsizəm? deyiləm..
ümidliyəm? deyiləm..
çox sevincli
çox dərdliyəm,
qoyma belim əyilə,
qaldır onu,
əllərim..

başımı tut, ol çətirim,
yağışlardan qorxmayım,
gözlərimi bağla mənim
baxışlardan qorxmayım,
hələ göz yaşım axmayıb,
saxla onu,
əllərim..

nə vaxt kimsəsiz olsan
bir cüt əl görəcəksən,
bir qadınındı onlar,
yaxın gəl, görəcəksən..
qoru onu,
əllərim..

sən də, qadın, yaxın dur,
qoyma gözlərim dolsun,
imkan vermə yorulsun,
sənin olsun
əllərim..

Saturday, September 12, 2015

Biz..

biz iki dost idik körpüdən keçən
palçıqlı sulara yıxılmadıq ki..
olmadı anımız sevgidən bezən,
bir yerdə olmaqdan sıxılmadıq ki..

bax, biz yeridikcə yollar uzandı,
amma az da olsa yorulmadıq biz,
sel axan dərələr geridə qaldı,
bir sənsən, bir mənəm, bir də sevgimiz..

bilirsən, qarşıda hələ nələr var?
sənin gücün var mı mənlə gəlməyə?
dağlar var, daşlar var, gur dərələr var,
hazırsan bir gəzib bir büdrəməyə?

mənim qollarıma tutunacaqsan,
küləkli küçələr, yollar gəzəndə..
bütün tufanları unudacaqsan
üzünü yağışdan gizləməsən də..

ümidsən bu qədər dərd arasında,
olmasan ümidsiz qalacağam mən..
nə vaxtsa büdrəsən yol yarısında
dönüb ayaqların olacağam mən..

Monday, August 24, 2015

Darıxma..

əllərimdən möhkəm yapış,
buraxma,
yağış yağır,
gün çıxacaq, az qalıb,
gözəl üzlüm, darıxma..

günü qısqandıracaq
gözlərinin gülüşü,
unut ağlamağı sən..
təbiətin bəxşişi,
baharların müjdəsisən axı sən..

boz sahildə dayanmışam,
qızmar istidə yanmışam,
günəşlərdə qaralmışam,
qumsallarda saralmışam,
dəniz qumu gözlərimə hopub,
gəl,
dalğalardan, küləklərdən qopub gəl..

gəl, sarılım saçlarına,
sən yuxulu-yuxulu
gözlərimə baxınca,
mən sürünüm
gül qoxulu
yanaqların boyunca..

tut əlimi sonra yenə,
buraxma,
daha yağış yağır demə,
gün çıxacaq,
gözəl üzlüm, darıxma..

Monday, August 3, 2015

...

Bir də getdim o yerə,
Ağaclarla görüşdüm..
Köhnə bir xizək tapıb
Qar üstündə sürüşdüm
Uşaqlığımdakıtək..

Elədim ələk-vələk
Nənəmin taxçasını,
Bir qoğal da tapmadım..
Gör nə günə qoyublar
Babamın bağçasını,
Almaları çürüyüb..

Yolları his bürüyüb,
Yağış da yağmır daha,
Dağlarda qar qalmayıb,
Su da gəlmir bulağa..

Oysa necə gözəldi
Buranın bir vaxtları,
Addım-addım gəzərdim
Yaşıl, sərin bağları..

Mən gedim, gecdi daha,
Getməsəm tək qalaram..
Bir azdan yol alaram,
Çətin bir də nə vaxtsa
Dönüb uşaq olaram..

Friday, July 24, 2015

Darıxıram..

Ürpərirəm,
Qarğaların səsi gəlir uzaqdan,
Gizlənirəm,
Yox oluram qərib tində bucaqda,
Səslənirəm,
Duyan yoxdu bu kimsəsiz bataqda,
Niyə belə yad olmuşam
Keçmişimə?
Yorulmuşam,
Gücüm çatmır öz leşimə..
Yıxılmışam,
Göz dəyib yerişimə..

Darıxıram,
Dağlarıyçün kəndimin,
Yollarıyçün obamın,
Qırış-qırış əlləriyçün nənəmin,
Balta tutan qollarıyçün babamın..
Darıxıram,
Böyüdüyüm təpələrdən,
Sal qayalardan ötrü,
Ovuc-ovuc yeməkdən doymadığım
Ləpələrdən,
Qapımızın qarşısına
Yığılan qardan ötrü..

Elə möhkəm yağış yağır,
Yolda qalmır ayaq izim,
Yıxılıram,
Parça-parça olur dizim,
Ağlayıram..
O yaranı dizim üstə
Yadigartək saxlayıram..

Nə fərqi var?
Yüz yadigar qalsın mənə,
Nə ürəyim soyuyar,
Nə də susar qarğalar..
O günlər dönməz geriyə,
O insanlar
Və leysanlar
Bu yad yerdən alıb aparmaz məni,
Yaramı sarmaz mənim..
Nə ayağa qalxanam,
Nə də duyulmaz səsim..

Tuesday, June 23, 2015

Yazmamışam

mən ən gözəl şeirlərimi
sənə yazmamışam
çünki
mən ən gözəl şeirlərimi
hələ yazmamışam..

yazmamışam gözlərini,
mən ən gözəl misraları
gözlərinə saxlamışam..

əllərini yazmamışam,
saçlarını yazmamışam,
əllərimlə saçlarını
qarış-qarış gəzəcəyəm
və ən gözəl şeirləri
saçlarına düzəcəyəm..

Saturday, June 20, 2015

...

bir gülüş
bir ürək döyüntüsünə
çevriləndə, qızaranda yanağın,

hər baxış
bir gözəllik qatanda gülüşünə,
məsum məsun baxmağın..

ya da bilməm ki nə,
hər görüşdə barmaqlarım
dönüb olur darağın..

saçların,
saçların bezsin özgə daraqlardan,
qoy əllərimlə hörüm..

özün də gözlərimə
tez-tez görün,
bir də ki, uzaqlardan
duyulmasın sorağın..

Wednesday, June 17, 2015

Kabus

sənsiz bircə xəyal gəlməyib dilə,
sənlə məna tapır bütür arzular
yuxuma gəlirsən,
bəs deyil hələ
kabusu şən nağıl etməyin də var..

toxun qollarıma,
toxun əlimə,
varlığını az da olsa hiss edim..
gəl yanıma,
ürəyini
kabuslarımdan gizlədim..

sən də mənim ürəyimi
götür saxla ovucunda,
bir kabusa qurban gedib əzilməsin..
məni də tut,
əsir saxla saç tellərinin ucunda,
saçlarında yırğalanım həzin-həzin..

Wednesday, June 3, 2015

Göy üzü

sərsəm xəyallardan başımı qaldıranda göy üzünə aşiq olacağımı bilməzdim.. bəlkə də ilk gündən sevirmişəm üzərimə tökülən yağış damcılarını, gözlərimi qamaşdıran günəş şüalarını, üzümün bir tərəfinə kölgə salan buludları, hər biri bir ulduzu xatırladan qar dənələrini, ulduzları, ayı.. bircə anlıq başımı qaldırmaq imiş bütün məsələ, hər şey o ana məhkum imiş illərcə.. qəlbimin göy üzüylə üzləşmə anına.. o an təbiət öz qanunlarını pozmuş, günəşlə ayı, ulduzlarla buludları, göy qurşağıyla dumanı eyni anda cəmləmişdi göy üzündə. gerçəklərin fərqinə varım deyə, qəlbimin dərinində gizlənmiş eşqi qəfəsindən azad edib göy üzünə buraxım deyə.. üzümə vuran isti küləyin yanaqlarımı dondurmasından anlamalıydım əslində hər şeyi, saçlarıma düşən qar dənələrinin od tutub yanmasından, kölgəmin çevrəmi aydınlatmasından.. anlamalıydım göy üzünə necə dərin bir eşqlə sevdalandığımı.. hara baxsam göy üzü idi oysa.. hara baxsam səma.. hər yerdə sən varmışsan, hara baxsam səni görərmişəm, göy üzüymüşsən, buludlarmışsan, ulduzlarmışsan, aymışsan, günəşmişsən.. güzgüdəki əksim belə sənmişsən.. tək gərək olan sərsəm xəyallardan başımı qaldırmaq imiş, göy üzünə baxmaq imiş, üzünə baxmaq imiş..

Tuesday, May 26, 2015

Yel dəyirmanı

bu qız kimdi göy üzünə bənzəyir?
yanağında buludlar parçalanır..

saçlarının küləyi kirpiklərimə dəyir,
gözlərimdə fırlanır
yel dəyirmanı..

elə bil yaddaşım sıfırlanır,
"yaxın gəl, məni tanı,
sonra əgər unutsam öz adımı,
mənə xatırladarsan.."

nə deyirəm mən belə?
günəş vurub deyəsən,
"ey,
bəs yıxılsam tutarsan?"

"şşş, zarafat elədim
bəsdi yağış çilədin qəzəbdən sifətimə"
min-min eyiblər olsun mənim mərifətimə,
hər şeyi də korladım..

nə isə,
əsas odu,
yanağından bir bulud oğurladım
quraq zamanı üçün..

əlbəttə ki, bir nəfəslik də külək,
yel dəyirmanı üçün..

Tuesday, May 19, 2015

Sənmisən?

sən, qadın,
sənmisən əllərimi əllərinə həbs eləyən?
sən, qadın,
sənmisən gözlərimi yuman kimi
ürəyini kirpiklərimdə yelləyən?

sənmisən bu, duman kimi
gözlərim önünə çökən?
məni dərd içindən,
acı içindən
bircə kəlmə sözü ilə tutub çəkən
sənmisən?

gül üzündən ovucuma gül tökülən,
gözlərimə baxıb gülən,
pəri nağılı kimi
yuxumu yarı bölən
sənmisən?

saçlarında incə-incə gəzinən
barmaqlarımdır mənim..
düzünü de,
neçə zamandır mənim
qollarımda rəqs eləyən
sənmisən?

Friday, April 3, 2015

Bahar

baharın müjdəsini o vermişdi. əlləriylə qar dənələrini əridib çaylar axıtmışdı qəlbimin dərinlərinə. hüzünlü bülbüllər geri gəlmişdi yaşıl bağçalarına, qanadlarında sevgi nəğmələri. gülümsəmişdi incə-incə, təbəssümündən qopan ulduz parçalarını ovcuma yığmışdım, qaranlıq otağımın tavanında parlaq səma yaratmışdım ulduzları asaraq. hər ulduz öz anlam yüküylə sallanırdı tavandan, hər ulduz səma həsrətiylə çırpınırdı pəncərəmə doğru. çatlaq pəncərədən yorğun gecəyə doğru qaçmaq, qaranlıqla qovuşmaq, bir ulduz nə istərdi ki başqa? ulduz istərdi də, ay uzatmazmıydı əllərini ona doğru? o gəlmək istərdi də uzatmazmıydım əllərimi? sərməzmiydim baharın ən gözəl çiçəklərini ayaqlarının altına? istərdi.. sərərdim, gülümsərdi, gözləriylə işıq saçardı üzümə, kirpiklərimin yanağıma düşən kölgəsindən tutub nur olardı gözlərimə.. gözlərimdən keçib qəlbimə axıtdığı sevgi çaylarına qarışardı, qəlbimə dolardı, "mən baharın müjdəsiyəm" deyərdi.. gəldi, dedi. baharın müjdəsini o verdi.. o ki dörd fəslin müjdəsidi.. o ki təbiətin qəlbimə bəxşişidi, körpə fidan budaqlarında islanan tumurcuqların, köhnə evlərin navalçalarından sallanan sırsıraların, yağışlı ormanların, quru çöllərin, qızmar qumsalların, güllərlə bəzənmiş yamacların bəxşişi.. o ki müjdəsidi sevginin, o ki sahibidi qəlbimin..

Tuesday, March 31, 2015

Yuxu

gördüyüm yuxu sənsən,
və daldığım hər xəyal
səni gətirir mənə,
necə ki yadımdasan,
elə də yanımda qal..

qəlbimi əlinə al,
onu saxla, əzizlə
sevgiylə dolanacan..
saçını çiyninə sal,
toxunsun əllərimə
yuxudan duranacan..

saçlarının ucları
qollarıma batanda
yuxudan oyanacam.
ovucunun istisi
ürəyimə çatanda
yenidən yaranacam..

Tuesday, March 10, 2015

Yük daşıyan qoca

yuxu ortasında,
gecə sonunda,
hər şey yerli-yerində,
hər şey öz qaydasında..
yenə də əllərimdə
qan izləri görünür
hər gecə olduğutək..
şübhələr düşündürür:
yuxudu, yoxsa gerçək?

kürəyinə yük alıb
dağları aşan qoca
bəlkə mənim atamdır..
gör bir necə qocalıb!
ardınca qaça-qaça
ətəyindən yapışıb
yalvarıram getməsin..
mənim üzümə baxıb
"qorxma, getmirəm" desin..

yox, elə yuxudu bu,
və yuxu da qalacaq..
atam ki hara getsə
məni də aparacaq..

bu yer haradır belə?
kəndimizi xatırladır yolları..
yol içində yaz selindən xatirə
dərin-dərin arxları..

necə tanış gəlir palçıqlı küçə..
necə tanış gəlir bu çəpər, Allah!
yaddaşımda bu kəndə dair qalan
bütün anlar bu küçəylə iç-içə..

bir uşaq görürəm,
qanayıb dizi
bir moruq koluna tərəf qaçanda..
hər yuxudan gözlərimi açanda
əllərimdə bu görünən qan izi
bəlkə elə moruqlardı dərdiyim?
tikanları iynə kimi batdıqca əllərimə
qırxca günün içində itirdiyim
nənəm, babam qayıdır xatirimə..

bəsdi daha,
qaçmalıyam bu yorucu gecədən,
bir qocanın arxasınca gəldiyim
keçmişimi xatırladan
üzü yoxuş küçədən..

qaçmalıyam,
amma bilmirəm necə..
gözləyirəm o atama bənzəyən,
qoca adam bu yoldan bir də keçə..

və birdən bir "oyan" səsi duyuram,
yuxudan qaytarır məni həyata,
"görürsən ki, yatıram,
məni niyə oyadırsan, ay ata?"

Bakı, 10 Mart 2015

Saturday, February 21, 2015

Səhərin müjdəsi

yenə susqun gecədir,
yenə kölgəm sürünür,
gecənin zülməti altda..
elə bil kimsə gəlir,
gecədən xeyli uzaqda
gül üzlü bir qız görünür..

saçları azca dalğalı,
kirpikləri düzüm-düzüm,
yaylığı gül naxışlı,
çantası yaşıl..
nə üçün qamaşır gözüm?
yoxsa ki gözləridir
parıldayır işıl-işıl?

parıldasın, işıldasın,
yoldaşı olsun qəmərin,
sonrası olsun ayazın,
qoymasın gecənin vədəsi dolsun
və gəlsin səhərin
müjdəsi olsun..

Thursday, February 12, 2015

Olunmaz

Şeirlə şair olunmaz,
Gözlə aşiq,
Susmaqla sadiq,
Söz tutmaqla dost olunmaz..

Qaçmaqla azad olunmaz,
Bir gül ilə ilk bahar,
Daş üstə daş qoysan hasar,
Məsafəylə yad olunmaz..

Gülüşlə xoşbəxt olunmaz,
Göz yaşıyla ağlamaq,
Qışqırmaqla sərt olunmaz,
Bir qığılcımla çaxmaq,
Bir səhvlə axmaq olunmaz..

Bir nəfəslik canla qorxmaz,
Qorxmaqla qorxaq olunmaz,
Ləkə varsa bəmbəyaz,

Yoxsa qara olunmaz..

Thursday, January 15, 2015

...

gözlərin gülməsə çöhrəm nə üçün gülsün axı?
əllərin tutmasa əllər,
qoxun olmazsa ətirlər nəyə lazım?
saçların nə edər ovucumdan yad darağı?

xəyal et,
təbiət rəngli, çiçəklərlə bəzənmiş geyimin əynində,
ürəyindən nə keçir bilməm də,
başın çiynimdə..

elə qalsın..

üzün asma,
gözünün dərdini leysanlar aparsın..

Thursday, December 25, 2014

...

baharsan, bölmüsən qış yuxusunu,
sən gəldin, küləklər səsini kəsdi..
çoxdan unutmuşam gül qoxusunu,
sənin saçlarının qoxusu bəsdi..

gözlərim səninlə güləcək mənim,
bircə an olmasan darıxacağam..
gülü olacaqsan sən ürəyimin,
başına güllərdən tac taxacağam..

birgə keçəcəyik sənlə nələri,
gözlərin hər səhər mənə dəyəcək..
saçına yağsa da qar dənələri
əllərin əlimdə üşüməyəcək..

Sunday, November 30, 2014

Payız

bina girişlərində,
metro çıxışlarında,
sahibsiz küçələrin
bütün qarışlarında
qoxunu axtarıram..

sənin baxışlarınla
gecəni etmişəm ram,
üzümü gizləyirəm..

unutmuşam soyuğu,
payız yağışlarında
yolunu gözləyirəm..

gözlədiyim ən çoxu
bir buludlu gün olar,
bir də sənin əllərin..
əllərin ən gözəli,
ən pisi fəsillərin..

bilirsən mi qəlbimi
əzib neçə il payız?
indi məni güldürən,
səni mənə gətirən
ən gözəl fəsil - payız..

payız bitir,
az qalıb,
qalacağam payızsız..
bircə sən yanımdasan,
qollarıma sarılıb,
gözlərimi sevən qız..