Friday, November 29, 2013

can

özün gəlməsən də 
ruhunu göndər..
sənə demirəm ki, 
özünə can tap,
bir can ikimizə bəs edər, 
qadın,
canımdan can al lap, 
yetər ki, qayıt..

Thursday, November 28, 2013

gərək..

unudan deyiləm,
bunu bilərək
ardıma baxmadan
gedərdim gərək..
səhər gün çıxmadan
qaranlıq olub
gecənin içində
itərdim gərək..
hələ də bilmirəm
niyə getmədim?
cəsarət etmədim,
edərdim gərək...

Wednesday, November 27, 2013

səni susasan deyə sevməmişdim

səni susasan deyə sevməmişdim
canını bir kəlmə salamla qurtara bilməzsən
bax mən qışqırıram hara çatırsa səsim
bəlkə sən eşidərsən deyə..
bilirəm ki, lap eşitsən də sevməzsən.
Vallah, bilmirəm niyə..

səni susasan deyə sevməmişdim
susmağı özüm tək də bacarardım
danışmağa adam lazım idi,
gəl danışaq dedin, gəldim..
susacağını bilsəm, heç səni axtarardım?

səni susasan deyə sevməmişdim
amma deyəsən daşdan divardan fərqsizsən.
sən gəlincə susub-susub gözləmişdim,
gəldin, elə susdun ki sən,
görən deyərdi dilsizsən..

səni susasan deyə sevməmişdim,
qız, sevəsən deyə sevmişdim..
nə vaxtacan qarşılıqsız sevmək olar?
düşünürdüm, sevgi bəsdi.
bilməmişdim
sonra bunun aylar-illər susmağı var..

Tuesday, November 26, 2013

dost bil

indi durub sənə desəm
qısqanıram
düşünərsən sevirəm..
ay qız mən insanam
sevgidən başqa da
çox hisslərim var..
adını kim nə qoysa,
olsa olsa
dostluq olar,
sevgi deyil..
lap desələr, sevgidi bu,
sən yenə də
məni dost bil.

Monday, November 25, 2013

onun yerinə

qalxdım ayağa və salam verdim gələn qadına. ya da qadının salamını aldım o salam vermədən. görmürdü məni. əslində, görməzdən gəlirdi. çünki gözlərində öz əksimi görə bilirdim. baxışdıq, mən baxdım, o baxmadı. onun yerinə də mən baxdım gözlərindən özümə. danışdıq, o susdu mən dinlədim, mən ağladım o izlədi, heç izləmədi də, özüm izlədim ağlamağımı. eyni musiqini dinlədik eyni qulaqlıqdan, qulaqlıqların ikisi də mənim qulaqlarımda. əlindən tutdum isinsin deyə əllərim, öz əlimə toxunduğumu anladım. sevdim o qadını, elə ilk andan sevdim, o sevmədi və mən onun yerinə özümü sevə bilmədim, ondandır acım.

ayrılıq

ayrılıq ən ağır yuxusu olur insanın.. bir də yuxudan azad gecələri var bu ürək qanadan zəhrimarın. yollar qədər qədər uzundu o dediyim gecələr, gedənin vicdanı qədər dar deyil ancaq. bundan sonra hər gecə belə olacaq, bunu bilmək ən çox toxunur əslində.. qüruru incilir adamın. nə bir çarə var nə də bir yol var əlində bu yola bənzəyən gecədən qaçmaq üçün.. bircə susmaq qalır sənə qışqırmaqdan sonra.. qışqırdıqca səsin bir az da qısılır hər keçən gün.. sus deyir yolun yolçuları, sus və bax, gör düşüb bu boş yolun ardına hara gedirsən, hara..

Sunday, November 24, 2013

...

ya da ki, mən nəbilim
adam bir salam verər..
neçənci dəfə əlim 
havada qaldı..
sevməsəydin bir yana,
bu qədər az mı sevər
insan birini?
Neçə dəfə çevirər
ona doğru uzanan
dost əllərini?

Əlini tutmuşdum #1

Yuxuda əlini tutmuşdum gecə,
Əllərim istiydi, əllərin soyuq..
Bilmirəm gəlmişdik bir yerə necə,
Günlə ay nədisə, sənlə mən oyuq..

Saturday, November 23, 2013

...

darıxıram
illər öncə yazdığım
uşaq şeirlərimdən
ötrü..
yazanda dərdlərimdən
utanıram
küçələrə atdığım
şeir dəftərlərimdən..

Friday, November 22, 2013

Küçə itləri qədər.

mehriban cümlələr alınmadı
söyüş idi, təhqir idi bizimkisi.
söyənlərdən bir-ikisi
hələ də yadımdadı.
küçə itləri qədər idilər
bəlkə ondan da betər...

bəziləri bulud oldular
amma bir yağışlarını görmədik.
yavaş-yavaş tanımışdıq,
yavaş-yavaş unuduldular.
küçə itləri qədər idilər
elə it desək yetər..

qardaş deyilmiş hər dost olan
qardaşlar isə hər zaman dostdular.
arxadan danışdı bir ikisi.
bir iki arxada qalan.
sonra susdular.
küçə itləri qədər idilər,
hürdülər və getdilər..

öz hürməkləri bir yana
bizi də danışmağa qoymurdular
yalandan hürürdülər
düzü də danışmağa qoymurdular.
küçə itləri qədər idilər
onlar qədər olmaqdan utanırdı itlər.

ət-Tövbə 5

İslam barədə qeyrimüsəlmanlarda olan yanlış bir düşüncə var ki, güya İslama görə müsəlman olmayan şəxsləri tutuduğumuz yerdə öldürmə haqqımız var. Buna səbəb isə Quranın Tövbə surəsindəki bir ayədir. Ayə aşağıdakı kimidir:

"Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (5)

Əlbəttə, bu ayə baxan hər hansı insan eyni yanlış fikirdə olardı.
İndi isə gələk məsələnin əsl mahiyyətinə. Bu ayə Tövbə surəsinin 5ci ayəsidir. Ayədə sözü gedən mövzu isə 1,2,3,4,5 və 6cı ayələr birlikdə oxunmadığı müddətcə yanlış anlaşılmağa davam edər.
6 ayəni birlikdə yazıram:

1. Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq!
2. (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rüsvay edəcəkdir!
3. Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!
4. Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər İSTİSNADIR. Onlarla əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər!
5. Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
6. Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!

4-cü ayədən göründüyü kimi, bu "öldürmək" məsələsi peyğəmbərlə müqaviləni pozan müşriklərə aiddir. 6-cı ayədə isə aman diləyənlərin bağışlanması və əmin olduğu yerə çatdırılması nəzərdə tutulur.

Bu surədən yalnızca 5-ci ayənin çıxarılıb müstəqil bir fikir kimi göstərilməsi İslama qarşı mənfi fikir oyatmaq mqəsədlidir və şərəfsizlikdən başqa bir şey deyil.

Son olaraq, "Dində məcburiyyət yoxdur" (Əl-Bəqərə 256)

Thursday, November 21, 2013

Gələcəkdi..

gələcəkdi,
hər axşam gün batanda,
hər payız yağış yağanda,
hər gecə,
amma hər gecə
şimşək çaxanda gələcəkdi..

üzünü görməyəcəkdim,
göstərməyəcəkdi
əlləri bəyaz olacaqdı,
göz yaşı qış,
gülüşü yaz olacaqdı..

adı Leyla olacaqdı.
ya da yox,
Leyla kimdi ki
Məcnuna bənzəyən halım yoxdu mənim
nə də ki Məcnun kimi
səhrada gəzəcək həvəsim..

gələcəkdi,
duracaqdı
ortasında gecəmin..
mənim olacaqdı
mənim..

Tuesday, November 19, 2013

Ölərəm..

düşünürlər ayağıma
əgər qamçı vursalar
yerimərəm..
döyüşmərəm
əllərimi tutsalar..
ya dilimi kəssələr
danışmaram, susaram..
bilmirlər ki boğsalar,
sürünərəm,
sürünərəm, dirilərəm,
gələrəm..
ürəyimə dərd qatsalar
mahnılarla bölərəm..
amma bircə
ağlatsalar..
ağlatsalar, ölərəm..

Saturday, November 16, 2013

Yağışdan qaçan qadın..

deyəsən tələsirdin,
yağışdan qaçan qadın..

islanmış çətirini
göylərə açan qadın,
kiməsə bənzəyirdin..

danışmaq istədikcə
dili dolaşan qadın,
"mən günəşəm" deyirdin..

yağış, tufan demədən
gur işıq saçan qadın,
gözəl gülümsəyirdin..

mən baxdıqca gedirdin,
axı hardasan indi
quş olub uçan qadın?

bilirəm dönəcəksən,
bilmirəm haçan, qadın..

Friday, November 15, 2013

Taxta tapança

Taxtadan tapança düzəltmişdim
və "Bir gün qismət olar bəlkə
özümü öldürərəm" deyə
ümidlənmişdim.
Bilmirdim, taxta tapançaların
olmur gülləsi..
Bilmirdim saxta yalançıların
elə özü kimi saxta gülməsi..
Onu da bilmirdim daşdı ürəyi..
Əllərim yoruldu, vərəq dolmadı,
Yazılmış şeirdən qaçdı ürəyi..
Bilmirdim yazmağı gərək saxlayam
nə yazsam da onun gözləri dolmaz..
Onda uşaq idim,
çox keçib zaman..
İndi anlamışam nə ondan adam,
nə də ki taxtadan tapança olmaz..

Wednesday, November 13, 2013

Yad sahillər

Gözdən axan göz yaşı
Damlayır üzərinə
Qurumuş xəyalların..
Sel önünü kəsəcək
Birlikdə addımlanan
Sonu gəlməz yolların..
Bir kiçik kağız gəmi
Üzəcək göz yaşımda,
Göz yaşları üzəcək
Qəlbimi.. Səni..
Sahibsizcə gəzəcək
Ünvansız gəmi
Birgə üşüdüyümüz
İndi isə boş qalan
Yad sahilləri..

Ulduzlar da yalan danışarmış..

Ulduzlar da yalan danışarmış, 
Ulduzlar da ağlaşarmış.
Saxta göz yaşları..
Ulduzlarda itirərmiş Ay öz tilsimini,
Ulduzlarda axtararmış gecə öz yuxusunu..
Ulduz harda itirdi gül qoxusunu?!
Ulduz var ya mən mi kor olmuşam?!
Mən mi kor olmuşam?
Ya bədən mi aldadır məni?
Bəlkə yorulmuşam,
Bəlkə də ulduzlar yorur qəlbimi..
Mən də səni Günəş sanıb ağlamışam,
Saxlamışam sevgimi də..
Ürəyimdə saxlamışam..
Göz yaşımı kirpiyimdə saxlamışam..
Ulduz imiş Günəş də, 

hardan biləydim..
Bənzədirəm indi səni ulduzların hərəsinə..
Günəş yanıb alışarmış,
O da yalan danışarmış 

zavallı qar dənəsinə..

Yaşamıram

Çox mu itirmişəm səni?!
Niyə belə tez örtürsən gözlərimi?
Görmürəm..
Uzaq qədər yaxınsan mənə,
Həyat qədər yaxınam ölümə..
Yaşamıram, ölmürəm..

Az da olsa..

səninlə mən başqa idik,
indilərdə bir az yadıq..
dənizlərdə dalğa idik,
didik-didik olsaq belə
qayalardan qayıtmadıq..
tufan olub
neçə dağdan qar aşırdıq..
indi mənə son bir dəfə
düzünü de,
az da olsa yaraşırdıq?

Sunday, November 10, 2013

getmə...

qız, bir görüş borcun var mənə,
yadından çıxıb deyəsən..
bəsdi getdiyin,
bir yuxuluq getmə
sonra gedərsən yenə..
bilirəm, gizlətmə,
adımı çəkirsənmiş hərdən,
elə eşitmişəm.
qorxuram
darıxdığını deyərsən birdən,
demə, ümidlənərəm.
bilirsən,
gəlsən yenə sevərəm..