Sunday, September 10, 2023
tanımadın mı?
Monday, September 4, 2023
payızda
Wednesday, August 16, 2023
Natamam səkilər
Səhərin gözü açılmamış
Başlayır ayaq səsləri.
Natamam səkilər
Palçığa bulayır ayaqqabıları.
Külək saçları dağıdır
Toz basır ipək tellərin arasını.
Göyərçinlər günəşi gözləyir,
Sahildə ancaq pişiklər gəzir,
İnsanlar natamam səkilərdə.
Gözlər köhnə sevgiləri axtarmır,
Yolun naxışlarını izləyir,
Ayaqqabı iplərinə ilişir nəzərlər.
Siqaret tüstüsü burunları sınağa çəkir,
Ağızlarda gecədən qalan acı dad.
Ah, gün bitsəydi yenə,
Ah, heç başlamamış olan bu gün.
Kaş yenə yorğun günün
Yarımçıq yuxusuna çataydıq,
Və sonra yenə açılaydı gözlərimiz
Səhərin gözü açılmamış.
Tuesday, August 1, 2023
Çıraq
Ətəyimdəki daşları
Dənizə tökdüm –
Balıq bildi.
Qəlbimin yarısını
Kimə verdimsə
Qırıq bildi.
Dünyayla arama
Məsafə qoydum –
Tərsinə döndü.
Gözümü bağladım –
İşığı söndü,
Yaşını saxladım –
İçəri axdı,
Hər kim ki gözümün
İçinə baxdı
Quraq bildi.
Səni dənizdən soruşdum,
Yandım – suyundan içdim,
Göylərə uçdum,
Baxdığın səmadan keçdim,
Səni buluddan soruşdum,
Gözünün yaşını göstərdi,
Səni məndən soraq bildi.
Zülmətə baş qaldırdım,
Canımdan od alan
Çıraq yandırdım.
Gözünün önündə
Alışan mən idim,
Çıraq bildin.
Sunday, July 16, 2023
güzgüdəki
Qəlbimin odu
ilanlar yığılıb qaşımın üstə.
dünya mənim qədər ağırlaşanda
yağış olmayacaq daha, az qalıb,
məni əyməyəcək külək coşanda.
qəlbimin işığı yenə sönəcək.
hər şeydən bir azam, bir azdan hər şey
mənə bənzəyəcək, mənə dönəcək.
dünya qaranlığa məhkum olacaq.
varlığım
düşüb-düşüb əllərimdən
yerə göyə parçalanıb saçılan,
gülə-gülə çıxıb gedən varlığım.
Monday, June 19, 2023
Xəbərini gətirən külək
xəbərini gətirən külək qapıma çatdı,
pərdələri titrətdi, çardaqda küy yaratdı,
damımda yuva quran göyərçini oyatdı,
yuxuma haram qatdı, evimi toz elədi.
gözlərimi açmadım, əsdi-əsdi yoruldu,
tozu çökdü, azaldı gətirdiyi gurultu.
dil-dodağım qurudu, belim, boynum tutuldu,
yeməyimi soyutdu, suyumu buz elədi.
yorğanıma bürünüb ötürdüm bir ötəri,
dinləmədim, bilmədim səndən gələn xəbəri,
pəncərədən boylanıb gördüm parlaq qəməri,
gecəni boz elədi, yazı ayaz elədi.
Wednesday, April 26, 2023
kölgələr
mən axşamları dostum bilirdim,
mən gecədən qorxmurdum,
uzanan kölgələrə gülürdüm.
sonra gündüzlər azaldı,
sonra kölgələr uzandı,
ətəyimə çatdı.
bir qadın gəldi gecənin qarasından,
boyunbağısından asdı özünü,
kölgəsi divara iz saldı,
ha sildim getmədi,
ha qaçdım qısalmadı.
pərdələri bağladım
işığım qaçmasın deyə,
qaranlığa qərq oldum.
gözlərimi açdım,
yoruldum.
gözlərimi yumdum,
kor oldum.
axşamlara düşmən oldum,
gecədən qorxdum,
amma kölgələr qısalmadı.
Friday, April 14, 2023
Yazdan mədət ummuram
Mən onsuz da yazdan mədət ummuram,
Çiçək açıb, gül bitirib, gün çıxıb..
Mən payızam, mən boranam, mən qaram.
Gəzə-gəzə mürgülü küçələrdə,
Əsə-əsə gecələr aram-aram
Yerimi axtarıram,
Evimi axtarıram.
Səhər tezdən oyanan
Kimsəsiz qarıların
Eyvanına toz daşıyıb dururam.
Mən onsuz da vərdişəm
Giley-güzar eşitməyə hər səhər..
Öyrəşirəm birtəhər...
Xəyallar uzanır gündüzlər kimi,
Yuxular qısalır hər gün bir az da,
Gözümdən tökülür qəm asta-asta...
Su üstündə od qalanmaz, bilirəm.
Ağırlığım odda yanmaz, bilirəm.
Əsirəm ağır-ağır,
Ölkəmə günəş çıxır,
Gözlərimə şeh düşür, saçlarıma qar yağır.
Günəşlərdə yanmıram,
Soyuqlarda donmuram,
Yanağımı dolduran
Şehdə də boğulmuram..
Mən payızam, mən boranam, mən qaram,
Yaz gəlsə də yenə sağam, oyağam.
Mən onsuz da gözlərimi yummuram.
Mən onsuz da yazdan mədət ummuram,
Wednesday, March 22, 2023
şeir, sevgi və ədalət
qələmi unutmuş əllər
mürəkkəbi ləkə sanır
köynəyinin qollarında,
dəftəri cib dəsmalı.
saçına sığal,
qulağına musiqi toxunmursa,
gözlər üfüqə,
dodaqlar təbəssümə həsrətdirsə,
fikirləri nə böyük,
istəkləri nə böyük -
baş - gövdə üstündə yük.
susmaq nə ucuzdur,
danışmaq nə dəyərsiz.
incə ipin üstündə
nə çətindir yerimək.
tərəzinin qollarından
kimlər sallanır, kimlər?
üç gün susuz
bir ay yeməksiz dözməyən insan
necə dözür illərlə
şeirsizliyə,
sevgisizliyə,
ədalətsizliyə?
Sunday, March 19, 2023
yetmədi
mən bir ovuc saydım səni,
saydım barmağım yetmədi,
yer üzünə qoydum səni,
qoydum torpağım yetmədi.
əllərinə çiçək əkdim,
gülüstan varmış sən demə,
göy üzünə səni çəkdim,
günəş bənzərmiş qəlbinə.
ağlama, seldi göz yaşın,
gülümsə çöllər gül açır,
tamam sən olub üst başım,
parlayırsan, yuxum qaçır.
yuxumu geri ver mənə,
günəşi də azad edək,
qələmimə dolaş yenə,
gedək, məni götür, gedək.
üzləri hardadır?
Friday, March 17, 2023
bir gün
bir gün bağlanacaq yollar,
bir gün açılacaq ürəyimiz,
bir gün dağılacaq binalar,
bir gün unudulacaq hər şey.
sonra nağıllar da bitəcək,
şeir də yazmayacaq heç kim,
qəmli mahnılar yaddaşlarda qalacaq,
sevgi etirafları silinəcək divarlardan.
daha yollarda göz axtarmayacayıq,
sahibsiz ayaqqabılar da çürüyəcək,
sahibsiz bədənlər kimi...
Friday, February 10, 2023
7.8
Qaya məzar, torpaq ümid, səma lal,
Dəniz qara, Günəş sönük, qəlb qırıq.
Zərrə işıq, sən də getmə, burda qal,
Zərrə ümid, əllərimi buraxma.
Zərrə nəfəs, ciyərlərim ağrıdır,
Əllərimə qan işləmir, biləklərim ağrıdır.
Açıq səma yer üzündə mənim payıma düşən
Diləklərin axırıdır, axırı.
Mənə baxma, gözlərimdə sancı var,
Məni sevmə, ürəyimə buz düşüb,
Məni bilmə, qəmim səni incidər,
Mənə dəymə, taleyimə iz düşüb,
Yanıb külə dönmüşəm,
Əzilmişəm, üşümüşəm, ölmüşəm..
Mən xəbərsiz olmuşam,
Üstü qədər altı varmış dünyanın,
Tanrı onu tərs üzünə çevirmiş.
Mən xəbərsiz olmuşam,
Bu dünyanın mən olmayan üzündə
Atam mənə yoldaş imiş, anam məni sevirmiş.
Qum dənəsi kəpənəyə yük gələr,
Kəpənəyin qanadları qırılıb.
Könlümün çapar atları
Qaçıb-qaçıb yorulub...
Milyard ilin əzabı var üzümdə,
Yorulmuşam, ürəyimdə yazılıb,
Yorulmuşam, gözlərimdən oxunur.
Yer üzünün yetim qalan üzündə
Qulağıma bir səs gəlir,
Əlimə əl toxunur...
Tuesday, August 23, 2022
Tanı
Mən səni saçlarının küləyindən bilərəm,
Mən səni baxışının gileyindən bilərəm,
Mən səni büllur kimi ürəyindən bilərəm,
Sən məni ürəyimin yorğunluğundan tanı.
Ayrı düşmərik daha, getmərəm də bu yerdən,
Əllərimin zənciri möhkəm olur dəmirdən,
Yadların arasında itirsən məni birdən
Hamı xürrəm olanda durğunluğumdan tanı.
Bəşər gözümdən düşür səndən uzaq qalanda,
Özümü unuduram səni yada salanda.
Əllərində tərəddüd, üzündə qəm olanda
Susmayan kədərimin dolğunluğundan tanı.
Bir zaman gəlib məni gözümdən tanımasan,
Yollarına yapışan izimdən tanımasan,
Məni bilən qəlbinin səsindən tanımasan
Ağaran bənizimin solğunluğundan tanı...
17.08.2022
Friday, August 5, 2022
Günəşi görmüsənmi?
Günəşi görmüsənmi?
Gözünü qırpmısanmı?
Atını qayaların
Qoynuna sürmüsənmi?
Üzünü küləklərin
Səsinə çırpmısanmı?
Heç bir qız uşağının
Saçını hörmüsənmi?
Gözlərinin içində
Əksini görmüsənmi?
Sən heç göy qurşağının
Rəngini saymısanmı?
Bir anlıq xatirəni
Bir ömrə yaymısanmı?
Bir qadın sevmisənmi?
Əlini tutmusanmı?
Gözünə baxmısanmı?
Yerdə qalan hər şeyi
Bir an unutmusanmı?
Yolunu tapmısanmı?
Yolunu axtararkən
Səni itirmisənmi?
Qəlbindəki uşağı
Geri gətirmisənmi?
Çox ikən, güclü ikən
Heç yalnız qalmısanmı?
Yağışlara qarışıb
Gözünü göyə dikən
Bir məsumun bükülmüş
Ovcuna dolmusanmı?
Heç xoşbəxt olmusanmı?
Tuesday, June 7, 2022
Yaxşı insanlar
Yüngül baş ağrısı ilə və bir az da soyuqdəyməli halda avtobusa mindim. Əyləşmək istəyəndə bir qadın məni itələyərək özü keçib əyləşdi. Başqa yer seçdim. Arxa oturacaqda oturmuş oğlan telefonunda yüksək səslə əcaib musiqiyə qulaq asır, bir yandan da ağzındakı saqqızı şişirib partladırdı. Metroya yaxınlaşanda avtobusdan düşməyimə israrla yol vermək istəməyən kütlənin arasından çətinliklə sıyrıldım. Metronun önündə bir-biri ilə qışqıraraq mübahisə edən taksi sürücülərinin səsi onsuz da artmış baş ağrımı bir az da şiddətləndirdi. Metro stansiyasına daxil oldum, birtəhər platformada olan kiçik oturacaqların birində əyləşib başımı əlimə söykədim. Mənlə yaxın yaşlarda bir oğlan yaxınlaşıb necə olduğumu, köməyə ehtiyacım olub olmadığını soruşdu. Təşəkkür edib qalxaraq stansiyaya çatmış qatara mindim. Soyuqdəymənin təsiri ilə yüngülcə asqırdım, əlimi cibimə atıb dəsmalımı tapa bilmədim. Yanımda oturan qız mənə salfet uzatdı, götürdüm, təşəkkür etdim. Qatardan düşəndə babasının qucağında oturmuş qumral dalğalı saçlı körpəyə gülümsədim, gözlərimi qırpdım, o da mənə gülümsədi, əl etdi. Qatardan düşüb sakit addımlarla çıxışa doğru getməyə başladım. Başımın ağrısı keçmişdi və mən hələ də inanırdım yaxşı insanların varlığına...
Aprel, 2019