Saturday, December 9, 2017

stəkan

masamın üstündə duran istəkan,
istisən, soyuqsan bilə bilmirəm,
necə sən bu qədər kirli olmusan?
səni təmizləyib, silə bilmirəm.

için də, çölün də bir idi sənin,
indi ürəyində nələr var nələr.
qəlbinin dibinə çökən kir nədi?
çay deyil, çay olsa qoxusu gələr.

kimlər, kimlər samovara od vurub,
gördülər qəlbi boş, tək qaldığını,
beyninin içini nəylə doldurub,
aldılar əlindən şəffaflığını?

bir söz də deməyə qorxuram sənə,
ürəyin qırılsa, əlim qanayar.
buraxıb get desəm, sənin səsinə
qonşular yuxudan hürkər, oyanar.

olmaya könlünə eşq düşüb, nədir?
sevdiyin qadın ki qırıq aynadı!
sən mənim işimə yara hələ bir,
hazırlaş, çayımın suyu qaynadı.

Wednesday, December 6, 2017

Olsun

Gülüşün suda qaçan uşağın
Ayaq səsi kimi olsun,
Kirpiklərin qapısı açıq bülbül qəfəsi kimi,
Gözlərini azadlığa səsləsin.
Ağlasan, göz yaşların
Su həsrəti çəkən ağacları bəsləsin,
Saxlasan göz yaşlarını,
Qəlbinə su çiləsin göz bəbəklərin,
Ya da islatsın saçlarını
İçəridən...
Dilindən çıxan kəlmələr
Piano üzərində rəqs edən barmaqlar kimi,
Barmaqların
Saçlarına sığal çəkən daraqlar kimi,
Yanaqların
Yarpaqlar kimi olsun,
Bir hava soyuyanda
Bir də utananda rəngini dəyişsin.
Ürəyinin istisində
Ən gözəl yeməklər bişsin,
Səbrinin soyuğunda qızmar əzablar donsun,
Ağrıları örtsün qar, xəzan
Və sevgin günəş kimi olsun,
Görünməsən də bilim ki,
Ordasan.

Sunday, December 3, 2017

Saçını otlara calayan qarı

Bu qədər əzabı necə çəkmisən,
Sənin ki qələmin çoxdan tükənib.
Özünlə arana divar tikmisən,
Kərpicin, torpağın, taxtan tükənib.

Kədər gəlib qapına dayananda
Bir şərik çıxmayıb ağrı-acına,
Nazın çəkilməli olan zamanda
Ürəyin çəkilib dar ağacına.

Özün də özünə həmdəm olmadın,
Üzünün qırışı qanayan qarı,
Canına hopmaqçün qara torpağın
Saçını otlara calayan qarı.

Sənə kimsələrdən fayda yoxdu, yox,
Ölsən də, qalsan da bilən bir mənəm.
Çörəyin qutarıb, çay da yoxdu, yox,
Mən də uzunca ac qala bilmərəm.

Gedirəm, bağışla, qurbanın olum,
Hər nahar qəm yemək çətindi, neynim,
Məni də başa düş, uzaqdı yolum,
Ürək qal desə də, get dedi beynim.

Bilirəm, yenə də tək qalacaqsan,
Yenə divarlara qəm çəkəcəksən,
Saçını otlara bağlayacaqsan,
Torpağın canına dərd əkəcəksən.

Üstünə yağışlar, qarlar yağacaq,
Divarın küləkdən qoruyan deyil,
Gözündən torpağa sözlər axacaq,
Sözlənmiş yanağın quruyan deyil.

Otur tək-başına, ölümü gözlə,
Çıxıb gedəcəksən səssiz-səmirsiz.
Tikdiyin divarı otların üstə
Yıxıb gedəcəksən səssiz-səmirsiz.

yığış gedək

oğullar atalardan əvvəl ölürsə,
demək ki, güllələr
yağır yağıştək.
hələ ki körpələr gülürsə
əgər,
tez ol, gəl,
yığış gedək
ki, nəvələr ölməsin,
babalarından əvvəl.

Sunday, November 26, 2017

var

yaxınlığın
səndən o yana olan yaxınları
uzağa çevirdi,
məndə nə qalıbsa, səndən bəri var.
sevgin
ağlıma düşmək istəyən bütün qadınları
tutub saxlayan çətirdi,
başımın üstündə yeri var.

Thursday, November 23, 2017

Özün gələ bilmirsənsə

həsrətin dərmanı sənin səsindir,
necə də yaraşır hər söz dilinə.
səhər pəncərəmdən eşitdiyim bir
sərçənin səsindən salam ver mənə.

əllərini göndər, gözlərimi yum,
xəyalı dindirər mənim acımı.
başımı torpağın üstünə qoyum,
xəzəllər içindən oxşa saçımı.

gülüşüm elə sən gətirdiyindir,
xəbər et, götürüm, üzümə taxım.
sən də gülüşünü qalın geyindir,
qar yağan buluddan gülümsə, baxım.

Ayrılıq gələndə

Bir damla yaş olub düşür gözündən,
Haqqını istəyir hər nəfəsindən,
Tanıya bilmirsən ayaq səsindən,
Ayrılıq gələndə sürünüb gəlir.

Qapını köməkçün döyübmüş kimi,
Ömrünə az zaman qalıbmış kimi,
Təkcə bir gecəlik gəlibmiş kimi,
Qonaq libasına bürünüb gəlir.

Nəyin var, nəyin yox aparır sənin,
Canından canını qoparır sənin,
Düşməntək yuxuna dərd qatır sənin,
Gündüzlər dost kimi görünüb gəlir.

Sunday, November 19, 2017

Gəlməyin

Quru budaqları bir-bir yığıram,
Yandırmağa aparıram, gəlməyin.
Yansam əgər sizi də yandıraram,
Budaqların arasında mən də varam,
Gəlməyin.

Uzaqlarda bir ada var, deyirlər,
Ora gedən elə yolda boğular.
Mən boğulsam, sabah mini doğular,
Siz boğulsaz, matəm olar,
Gəlməyin.

Ardımca yerimək deyil ki asan,
Yollar itib,
Silib izləri leysan,
Əzib-əzib bir az da siz silməyin.
Zaman bitib,
Gecikmisiz, gəlməyin.

Gizlədirəm, amma acı çəkirəm,
Nə zamandır unutmuşam gülməyi.
Əzabdan özümə gülüş tikirəm,
Toxumamış son ilməyi,
Gəlməyin.

Saturday, November 11, 2017

Bu şəhərin qışları

Bu şəhərin nəfəs kəsən qışları
Qürbətə getməyin cəriməsidir.
Qar qədər ağ alnımın qırışları
Keçdiyim yolların xəritəsidir.

Günəş də isitmir yanaqlarımı,
Buz tutub əllərim, ürəyim mənim.
Toz basıb üstünü boşqablarımın,
Masamda quruyur çörəyim mənim.

Yorğunam, bezmişəm, təkəm, sanma ki,
Qışa təslim olmuş bir buz kimiyəm.
Ömürlük həbsdə olan, amma ki,
Xəyallar sahibi məhbus kimiyəm.

Thursday, November 9, 2017

gecələr gündüzün kölgəsimidir?

hər günüm dünənin təkrarlanması,
bu, yolun sonunun gəlməsimidir?
soyuqlar günəşin xumarlanması,
gecələr gündüzün kölgəsimidir?

titrədib canıma üşütmə salan
könlümə küləyin əsməsimidir?
inciyib yoxsa ki, məndən asiman,
gecələr gündüzün küsməsimidir?

baxdıqca aynaya görüntüm itir,
tez açıl ey səhər, bir işıq yetir,
lampamın alovu tükənib, nədir?
gecələr gündüzün sönməsimidir?

gündüz qorxaqsa da əzaba qarşı,
gecələr hər zaman mərd olmalıdır.
gündüzlər gecənin şıltaq qardaşı,
gecələr gündüzün qəmgin halıdır.

Sunday, November 5, 2017

Yorğun gözlərimə vurulan qadın

Sən günəş parlasa şənlənən qadın,
Mən qəmi ovucla yeyən adamam,
Sən canın yansa da gizlədən qadın,
Mən sözü düz üzə deyən adamam.

Sən həyat dolusan, mən yorulanda,
Həvəssiz halımdan gileylənirsən,
Üzümü güldürən anlar olanda
Mənim yerimə də sən əylənirsən.

Acı mahnıları deyilsən sevən,
Məni şən mahnılar kədərləndirir.
Sənin cəldliyindi mənə can verən,
Mənim tənbəlliyim səni ləngidir.

Amma ki, sevirsən məni yenə də,
Yorğun gözlərimə vurulan qadın,
Qəlbiylə bir yolda yerisin deyə
Qəlbimə dörd əllə sarılan qadın...

Tək ağac

Qorxudub mərmilər bütün kolları,
Kəndin ortasında tək ağac qalıb,
Gecənin soyuğu tutub yolları,
Körpələr qayğısız, itlər ac qalıb.

Küləyə dözməyib sınan budaqlar,
Bir qoca nənənin təndirindədi.
Bir vaxt o ağaca çıxan uşaqlar
İndi dar ağacı kəndirindədi.

Görüb dan yerinin ağardığını,
Bir adam atını bu yana çapar,
Unudub yolların apardığını,
Körpəyə ev, yuva, itə yal tapar..

Bircə o nənə də saçın yolmasa,
Hər qışa ümidlə corab hörməsə..
Ağaclar qırılmır külək olmasa,
Adamlar yaşamır gözün görməsə..

Thursday, November 2, 2017

həsrət

yelləncək asmışam kirpiklərimdən,
yellənirəm ulduzlara çatınca,
çox uzaq qalmışam sevdiklərimdən,
görüşürük yalnızca mən yatınca.

baxışlarım göy üzünə dəyincə,
sevdiyimin gözlərinə dəyəydi,
sevinəydim üzü gülümsəyincə,
ürəyim də onla gülümsəyəydi.

çiyinlərim buludlara dəyincə,
dostlarımın qollarına dəyəydi,
külək vurub qamətimi əyincə,
dost kürəyi imdadıma gələydi.

Wednesday, November 1, 2017

Gedirəm könlümün axdığı yerə

küçələr uzanır, yollar bükülür,
gecələr qısalır, üfüq sökülür,
hələ yatmamışam, yuxum tökülür
gözümdən gözümün baxdığı yerə.

səma mı böyükdü, yoxsa kədər mi?
günəşə gedən yol kədər qədər mi?
əllərim çatar mı, səsim yetər mi
səmaya, günəşin qalxdığı yerə?

günəşi gizləyib bulud yetəydi,
buluda qarışıb gözdən itəydim,
kaş ki damla olub yağa biləydim
buluddan yağışın yağdığı yerə.

yağış məndən yerə salam apardı
şimşək şaqqıldadı, fəğan qopardı.
görəsən salamım əvvəl çatar mı
şimşəkdən şimşəyin çaxdığı yerə?

damlalar qəlbimi qatdı yağışa,
qəlbimin içində mən də varmışam,
bir çaya qarışıb çağlayırmışam,
gedirəm könlümün axdığı yerə..

Thursday, October 26, 2017

bu məktubu yazıram ki...

bu məktubu yazıram ki, dostlara çatdırım salam. gəlib aparsınlar məni, istəmirəm burda qalam. burda günlərim yorucu, orda yorulmaq nə gözəl, darıxmaq zəhərdən acı, cavab yazın, deyin ki "gəl". burda payız soyuq olur, orda xəzan da yoxdu heç. pəncərəmin önü dolur xəzəllərlə, mənsə bivec. dostlar yoxdu burda, sanki, mənim özüm çox da varam... bu məktubu yazıram ki, dostlara çatdırım salam.

Thursday, August 24, 2017

Adını sayıqlayım

günəş düşə gözlərinə və sən gül,
şüaları yanağına yaraşsın,
başın çiyinlərimə gələ ki elə yüngül
və saçların saçlarıma qarışsın.

ovucuma dəydikcə barmaqların
gülüşlərin ürəyimə toxunsun,
xışıldayan səsi də yarpaqların
mahnı olub sənin üçün oxunsun.

mən sənin göy üzün olum, sən mənim
göydə parıldayan ulduzum, ayım.
yatmadan əlini tutsun əllərim,
yuxuda da adını sayıqlayım..

Friday, March 31, 2017

Canlıların ən alçağı

Dövr - var oluşun qürub çağı,
İnsan - canlıların ən alçağı.

Utanmadan qürur duymaq
Tarixin rəzil gerçəkləriylə,
Dostlarının qapısını döymək
Mərmi ləçəkli çiçəkləriylə

Və minlərcə başqa iyrənclikləriylə
İnsan - üzsüzlərin ən qoçağı,
İnsan - qoçaqların ən alçağı.

Saturday, March 11, 2017

gülməsi

gözləri nur parçası bir nazlı yarın həmən ol nurdan əziz gülməsi var. bir bahar gəldi ki güllər bitirir hər nəfəsi, neçə il keçsə əgər ömrü qutarmaz baharın, gözlərinin çevrəsinə kirpiyi bülbül qəfəsi. zülfü küləkdən tələsir çata bilsin günəşə, uçuşur sərçə kimin əl edib asimana, təbiət çox çabalar hər səsi dönsün gülüşə, üzünün hər gülüşün saxlar üfüqlərdə səma, çabalar gülsün üzü, gülsün ürəkdən həmişə. bu nə dürrdür tökülür qönçə yanaqlardan önə və çiçək rəngli yanaqlar qızarır? həzar il azdı onun qəlb evində bircə günə yoxdu xoşluq üzünün bir gülüşündən ötə, elə bir gülmə ki bu, cümlə kədərlər azalır.

Wednesday, March 8, 2017

olur

Siçan tələlərinə düşən aslanlar olur,
Günəşdə işləməkdən bişən insanlar olur,
Dəriləri soyulur
Ciyərləri yorulur,
Nəfəssiz anlar olur.

Milyonların içində tənha qalanlar olur,
Baharın ortasında gülü solanlar olur,
Budaqları qırılır,
Zamanları daralır,
Saat sayanlar olur.

Hər insanın ömründə çətin zamanlar olur,
Bilmədən öz-özünə quyu qazanlar olur,
Ayaqları burxulur,
O quyuya yıxılır,
Orda qalanlar olur.

Neçə dəfə söz verib, andı pozanlar olur,
Öz işinin xətrinə görüb susanlar olur,
Ölübsə qəbri dolur,
Sağdısa qəlbi dolur,
Dolur, yalanla dolur.

Bir də ən çətin anda yada salanlar olur,
Qırıq qəlbi sağaldıb könül alanlar olur,
Yaralar ki sağalır
İnsana dostlar qalır,
Heyif, satanlar olur...

Saturday, March 4, 2017

yenidən doğularam

mən düşmərəm sal qayalardan, inan, bircə sənin saçlarından düşərəm, sürüşərəm ipək hörüklərindən, pambıq kimi bəmbəyaz əllərinə.. ovucuna sildiyin göz yaşı damlasının ən dayaz yerlərinə atılıb boğularam.. və sən ağlama deyə yenidən doğularam..