Wednesday, March 1, 2017

ey qərib

qatar relslərinə bağlı qalmışam,
bahar güllərinə həsrətim qalıb,
çox idim, azalmışam,
yarpaqlarım saralıb.

yalvarışım duyulmur
dəmir parçalarında,
qal, danışım, ey qərib,
yaşıl xalçalarından
qatar gələn diyarın.

üzümə saçlarının
dəni ələndi yarın,
gör necə qocalmışıq,
gündüz cavan görünüb
hər gecə qocalmışıq,
bir yerdə qazanmışıq
qollarıma bürünüb
məni məhbus eləyən
ipləri, zəncirləri...

qəlbimi buz eləyən
insafsız sətirləri
ey qərib, yad şəhərli,
oxuyuram sənin üçün son dəfə,
hər kəlməsi kədərli,
hər kəlməsi dərd dolu..

bir də dəmir yolları
bildiyindən sərt olur,
ürəyinə şər dolur
soyuğundan gecənin..

mənim kimi olmasın
sonu burdan keçənin
deyə didinirəm mən,
susmuş idim neçə il,
ilk dəfə dinirəm mən.

Friday, February 24, 2017

yuxuma gəl

yuxuma gəl,
saçlarına qurban olduğum qadın,
yuxuma gəl,
darıxıram burda oldun-olmadın.

yuxuma gəl,
sənin üzündü qəmsiz hər yuxu,
yuxuma gəl,
dərin hüzündü sənsiz hər yuxu.

yuxuma gəl,
tellərindən bəzək düzəldim ömrümə,
yuxuma gəl,
əllərin gül-çiçək düzərdi könlümə.

yuxuma gəl,
tapar məni yoxluğunda qaranlıq.
yuxuma gəl,
apar məni öz yuxuna bir anlıq.

kiçik insanlar

biz çox kiçik insanlarıq, dünyamız da bizim kimi kiçikdi, bu gün varıq, sabah kim bilir hardayıq, bu səbəbdən xoşbəxtliyə gecikdik. ya da həyat tutdu bizi, qoymadı qaçaq, çataq gözəl, günəşli günlərə, ayağımız bu yollara uymadı, qulağımız bir xoş kəlam duymadı, gözlərimiz açıldı hüzünlərə. yorulduq addım-addım, hər addımda travma, hər addımda azaldıq, hər addımda kiçildik, kiçik olduq, alçaq olmadıq amma.

Tuesday, February 14, 2017

neft qoxulu məzarlar

palçıqla boyadıq göyün üzünü, qucaqladıq gecəni, gizlədik qarasını... ürəklərdə boğub min-min hüzünü sildik xatirəmizdən başımızdan keçəni, dağladıq yarasını məzarsız ataların yetim övladlarının... önündə adlarının, "itkin" yazısı qaldı, təskin etmək də olmur, xəstə deyil deyəsən "səbr et, bəlkə sağaldı". kaş ki durardı zaman, bəlkə də çox olardı o alovdan qaçanlar.. fəryad etdi asiman, yandı, kül oldu canlar... neft qoxulu məzarlar qazdıq dəniz altına, "kağızlardan pozarlar" düşünərək hər şeyi yazdıq dəniz altına. yazdıq kimdi günahkar Xəzərin ən dərin çökəkliyinə, susdu estakadalar, dəmirdən tikilmiş süni adalar ağladı təkliyinə odda boğulanların, dənizdə yananların..

Tuesday, December 27, 2016

uşaq

qəmli gözlərindən
yaş daman uşaq,
saçını sığallayan
əlləri yadda saxla.

üzündə min ağrı yaşadan uşaq,
höngür-höngür ağlayan
ürək dağlayan uşaq,
az qalıb bir az da döz.

bax, sənə söz verirəm,
yenə oynayacaqsan
yamyaşıl bağçalarda.
daha qalmayacaqsan
yalnız və boynu bükük..

ağırdı çəkdiyin yük,
zəifdi çiyinlərin,
bilirəm, gəlir çətin.

amma bax, görünür yol,
bir az da səbirli ol.

izin vermə göz yaşın
ola yoluna əngəl..
yox göz yaşın durmursa,
dön gəl,
heç olmasın, olmursa..

Saturday, December 10, 2016

...

Zaman keçir, gün keçir,
Saydığım gün azalmır,
Gör nə vaxtdı qış gəlib,
Neçə ildi yaz olmur...

Günün hər saatında
Qaranlıq olur səma.
Bakı gəlir ağlıma,
Xəzər düşür yadıma.

İşıq dolu gecələr,
Günlər düşür yadıma...

İndi üzünü görsəm
O günlər geri dönər.
İndi üzünü görsəm,
Göy üzü təmizlənər.

Sənsiz keçən hər günə
Göydə bir ulduz sönər.
Buna darıxmaq desəm,
Necə zəif səslənər!

Tuesday, November 1, 2016

Səni sevdiyim qədər

Səni sevdiyim qədər
Göy üzünü sevmədim mən,
Gül üzünə həsrətim qədər
Özləm olmaz, bilirəm,
İmdad umuram əllərindən.

O əllərindən ki
İstisini günəş,
Qoxusunu çiçəklər qısqanar.
Ürəyimə elə yerləş ki
Əllərin nəfəsimə toxunsun,
Onda küləklər qısqanar
Əllərinə toxunmuş nəfəsimi.

Səni sevdiyim qədər
Gül tökülsün saçlarından
Yollarına hər səhər.

O saçlarından ki,
Dənizə meydan oxuyur
Və hörüklərini
Doğma küləklər toxuyur,
Mənim nəfəslərimlə.

Səni sevdiyim qədər
Ulduzları bilirəm bircə,
Və göy üzü örtəndə onları
Hər səhər,
Yadıma düşür gecə.

O gecə ki,
Göz qapaqlarımın altında
Səni gözləyir ulduzlarıyla birgə,
O gecə ki,
Mən hər gözümü yumanda
Ulduzları üzə çıxır birər-birər,
Səni sevdiyim qədər...

Thursday, October 27, 2016

həsrət

yorğun budaqlarını
yerə salmış bədənim,
külək doğmalarımın
tutub ayaqlarını,
yoxdu gəlib-gedənim,
yoxdu salam verənim...

yorulmuşam, köklərim
torpağımdan aralı,
yarpaqlarım yaralı,
yoldaşlarımla söhbət
bir yana qalsın,
nə vaxt oldu qalalı
eyni dildə danışan
adam səsinə həsrət...

Saturday, October 22, 2016

Bizim şəhərin gün batımları

Günəş nə gözəl batırmış bizim şəhərdə Səmanın rəngi də başqadı burda Əfsanələr gizlənirmiş hərdən Rəngbərəng buludlarda.
Hər gün batımında ayrı bir nağılın Başlanğıcı varmış Günəş buludlarla rəqs edə edə batarmış Şəhərimizdə, Günəşin hər şüası Ayrı bir iz qoyarmış dərimizdə...
Burdaysa hər gün batımı eynidi Eyni buludlar Eyni mənzərə, Eyni ağaclar və Təkrar hekayələrə açılır Hər gün eyni pəncərə.
Qürbətin günbatımları Necə anlam yoxsunuymuş, Günəşə əlvida deyərkən Doluxsunmuş Ağaclar da yoxmuş məgər.
Oysa ki hər gün batımına Ayrı bir şeir yazmaq olardı Bizim günəş olsaydı. Hər axşamdan bir xatirə qalardı Yaddaşımızda.
Hər səhər dünənin gün batımı üçün darıxıb Gülümsəyərdik, Hər axşam eyni pəncərədən Eyni günəşə baxıb Fərqli hekayələr dinləyərdik.

Wednesday, October 19, 2016

üç gün

yuxuya getmək və
oyanmaq arasındaki zaman
yoxa çıxır yavaşca,
qayıtsam indi evə
on dəqiqə yatsam öz yerimdə
bəs edər məncə üç günün
üç illik yorğunluğuna.

yəqin anam da üç gündü
gündə üç dəfə havaya baxır,
necədi görəsən orda hava?
yağış yağır?
küləkdi yoxsa?
tərləyib soyuqlama deyir
ürəyimdən qulaqlarıma.

Sunday, September 25, 2016

ayaq səsin

sənin ayaq səsini
dinləmək
dünyanın ən gözəl musiqisini
dinləmək kimidi.

ayaq səsin gəlirsə
uzaqdan,
hələ bir də yüksəlirsə,
mənə doğru gəlirsən demək...

susma zamanı gəlir demək
geri qalan bütün səslərin...

sakitlik, tıqqıltılar,
duyulur nəfəslərin..

Wednesday, August 24, 2016

Nə yaxşı ki...

mehlərimin əsintisi
ipək tellərində qalıb,
əllərimin istisi
bəyaz əllərində qalıb...

danış mənlə həzin-həzin,
çünki səsindir gərəyim..
gülüşlərin yanağından inciməsin,
əziz inci çiçəyim..

gül, üzündən nur tökülən
anda gülüm mən də bir az,
gül üzündən ötrü gülən
gözlərin olmaz ki dayaz..

durma, nəfəslərinlə yaz
ovucuma taleyimi,
əllərimə həbs eləyim
bəlkə səni?
bəlkə sığarsan?
yaxşı ki varsan,
nə deyim.

hər an yanımda olmusan,
nəfəsim dayananda,
taqətim azalanda.
nə yaxşı ki doğulmusan,
nə yaxşı ki var olmusan
mənimlə bir zamanda.

Monday, August 15, 2016

Bir qadının əllərini tutmaq

bir qadının
əllərini tutmaq
yaradanın
dünyanı yaratmaq
üçün sərf etdiyindən
çox zaman alar.

ömrün boyunca getdiyindən
daha uzun yol var
qadının ürəyindən
əllərinəcən.

çiçəklərindən güllərinəcən
düzmək gərəkdir qarşısına,
aylarından fəsillərinəcən
illərin
dözmək gərəkdir
həsrətinə əllərin..

suladın mı güllərini,
öncəsində hər görüşün?
dözdün mü ağrı dolu
acı fəsillərinə?

güzgülərə bax, düşün,
layiqmisən
o qadının əllərinə?

Saturday, August 13, 2016

Götür məni özünlə

götür məni özünlə,
kirpiyindən yapışıb
gözlərini yumduğum.

götür məni özünlə,
yolum itməsin deyə
dəmir qapılarına
dərin izlər qoyduğum..

götür məni özünlə,
qənd deyib apararsan,
çay içəndə bölməzsən
qonaqlarınla...

götür məni özünlə,
saçlarını dararsan,
barmaqlarımla..

götür məni özünlə,
danış xəyallarından,
dinlərəm gecə-gündüz,
bezməm suallarından..

götür məni özünlə,
sözlərim düz,
yolum düz.

götür məni özünlə,
apar getdiyin yerə,
yoxsa ölüm tez gələr,
ruhum özümdən əvvəl
çatar getdiyin yerə,
səni orda gözləyər.

Tuesday, August 9, 2016

külək olum

səsimi duyan kimi elə qaça-qaça gəl,
desinlər ki, görəsən, bu qız hara tələsir?
havada günü görüb, isti sanasan əvvəl,
bir də baxıb görəsən, sərin bir külək əsir.

külək rəqs edəndə saçlarınla mən
saçlarını qısqanım o küləkdən,
küləyin yerinə mən olum əsən,
yorulmazsan səsimi dinləməkdən?

dolanım tellərinin hər birinə, bir də ki,
sığalımdan qızarsın yanaqların,
saraylara bənzəyən zərif qəlb evindəki
mən olum ən əzizi ən əziz qonaqların.

nəfəsinə çevrilim dolub ciyərlərinə
üfür ovuclarına, içi mənlə isinsin.
yapışım ovucunun ən gözəl yerlərinə
əl izinə qarışım, taleyin olum sənin.

Wednesday, August 3, 2016

uzadıram əlimi göyə

uzadıram əlimi göyə
çərpələngə bənzəsin deyə,
rəngli əlcək geyinmişəm
külək dəyməsin deyə
barmaqlarıma...

uzadıram əlimi göyə,
dostlarım çatsın deyə
soraqlarıma,
əl edirəm küləyə
salam aparsın deyə
böyüdüyüm küçəyə...

uzadıram əlimi göyə,
buludları döyə-döyə
salıram yerə,
yağış yağmasın deyə,
damlaları
gözümə axmasın deyə...

uzadıram əlimi göyə,
sonra çəkirəm geriyə
özüm də bilmədən,
sonra yenidən
uzadıram əlimi göyə,
tez görün əlimi, tez,
geriyə çəkilmədən...

Friday, July 22, 2016

İki dalğa arası həyat

həyatım
dəniz boyunca bir-birini qovalayan
iki dalğanın arasında keçir.
gücüm çatmır öndəkinə çatım
nəfəsim yetmir arxadakından
qaçım...

bu gün
"yorulmuşam" demək üçün
necə də tezdir!
gəl ki əsrlər qədər gecikmişəm
məni gözləyən torpaq yollara,
indi mənə qalan dənizdir.

amma bilirəm boğacaqlar
məni bu kimsəsiz dənizdə
itələyərək dalğaların qucağına.
üstümü də örtməyəcək alçaqlar,
eləcə buz parçası olacağam,
bir vaxt bəlkə də buz dağına
çevriləcəyəm.

amma ki bilirəm axı mən,
hər kəsin gözü önündə
son sözlərim tökülərkən dodaqlarımdan
zəncirləri asacaqlar
qollarımdan, ayaqlarımdan
və boğazımdan yapışıb
suyun altına basacaqlar.

canımın dərdində deyiləm,
qürurumu sındırmasınlar bircə.
mütləq ki yıxacaqlarsa məni
qoymasınlar gündüz vaxtı əyiləm,
bütün utanclarımı
bir-bir gizləsin gecə...

Wednesday, July 13, 2016

Gedin

bu küçənin yağışını
aparın, azdırın, gedin.
buludların qarğışını
adıma yazdırın, gedin.

dalğaları əzizləyin,
quma dəysə, təmizləyin,
kədərimi dənizlərin
birinə basdırın, gedin.

kəsin canım azarını,
baxın, bənizim sarı mı?
əgər ölsəm məzarımı
özümə qazdırın, gedin.

cəsədimi gömən kimi,
gözümdə nur sönən kimi,
öldüyüm bilinən kimi
olmasın yas, durun, gedin...

Wednesday, July 6, 2016

.....

saçlarına qondurduğum sığalları
ürəyinin qapısına asdığım
güllərin ört üstünə...

bildiyin nağılları
danış bir-bir dinləyim,
hüzünlənsin yastığım...

təki gülsün gözlərin,
eybi yox, mən ağlayım,
lap ən çox mən ağlayım..

ağlayıb uşaq kimi
qollarımı bağlayım
belinə qurşaq kimi...

amma ki sən ağlama,
sil gözünü 
mən ağlama deyəndə...

bir də ki, 
təkcə mən gəlim ağlına
kirpiklərin bir-birinə dəyəndə...

Monday, July 4, 2016

...

gecəsi var hər günün,
göy üzü görünməyən
kədər dolu gecəsi.
bilinən hər sevginin
bir də var bilinməyən
hüzünlü hekayəsi...