Wednesday, November 6, 2013

Yadigar

Nə acılar qaldı ürəyimdə
Nə xatirələr qaldı yada salınası
Nə sevgi qalıb ki, ağlayım,
Nə də nifrət var qisas alınası..
Solğun bir şəklin qalıb,
Bir köhnə yaylıq
Üstündə ətrin qalıb
Bir azca da xəyalın var
Bir də duzlu göz yaşı,
Səndən yadigar..

Bağışla

Bağışla! Yolda gördüyün uşağa bir təbəssüm, dostuna oxuyub bitirdiyin bir kitab, sevdiyinə yol kənarından qopardığın bir çiçək bağışla.. İnsanların günahlarını da bağışla.. Heç olmamış kimi..
Və hərdən özünə də nəsə bağışla.. Yeni bir paltar, yeni bir aksesuar bağışla, bir gün bağışla özünə, işləmə, oxuma.. Və hətta həyatda etdiyin ən böyük səhvləri də bağışla, özünə qarşı, insanlara qarşı, həyata qarşı olan səhvləri bağışla..
Xoşbəxt olmaq istəyirsən mi? - BAĞIŞLA!

Sən mənsiz

Bax bir üzümə,
Son dəfə..
Çox mu bilinir gözlərimdə nifrət?
Çox mu qalacaq qəlbimdə həsrət?
Xoşun gəlir deyəsən..
Çox mu gözəldi göz yaşlarım? 
Axı hardan biləsən
Ürəyimdə qaldı neçə xatirə..
Gəlmişdin birdən-birə
Getmisən birdən-birə..
Xəbərsiz..
Gülümsə pessimist ümidlərimə..
Gülümsə nə qədər ki qalmışıq
Mən sənsiz..
Sən mənsiz..

Tuesday, November 5, 2013

Göz yaşı

və birdən anladım ki
tökülür gözümün acısı..
qucaqlayıb kirpiklərimi
yazıq göz yaşı damcısı..
sonra birdən nəsə oldu, özünü atdı..
qəsdli və ya qəsdsiz
intihar və ya qəza
acıyla və ya zövqlə
mükafat vəya cəza
fərq etməz, içimdədi hələ də
itirdiyim göz yaşının sancısı..
boş-boşuna tökülənlərin sonuncusu..
ya yeni bir dərd
ya yeni bir sevgi
ya da dərdli bir sevgi üçün
tökülənlərin ilki..
kaş danışa bilsəydim onunla.
ya da öz-özümə danışım,
eşitsin..
çox da çətin deyil ki.
... "əziz göz yaşım
istəyirəm bil ki
özündən əvvəlkilərin heç biri
sənin qədər incitməmişdi..
və heç biri özünü kirpikdən atıb
intihar etməmişdi..
sən isə artıq yoxsan
və mən də gecəni gündüzə qatıb
səni axtarıram yağış-yağış gəzərək."
ehh, nə etsəm də eşitmir,
qışqırdıqca ürəyim sızıldayır
və dilim danışmaqdan bezərək
son cümləni pıçıldayır..
"sən öləndə mən də ölərdim gərək.."

əlləri..

əllərimi yarıyacan
tuturdu o.
qorxurdu ki
əllərimə sarıyacam
əllərini..

titrəyirdi
yayda belə..
isti nəfəs gözləyirdi
dodağımdan
əllərinə..

mənə
"özün dəyiş" deyən
tərs gözəlin
indi bircə əlləridi
dəyişməyən..

Monday, November 4, 2013

Sonrası sonsuz qaranlıq

Başın dönər, gözlərin qaralar və şüurunu itirərsən. Sonrası sonsuz qaranlıq. İşlər bir dəfə tərs getməyə başladı mı dayandıra bilməzsən. Ardı arası kəsilməz. Dibə batdıqca batarsan.  Bir nöqtədən sonra hər şeyin normala qayıtması üçün yox, bundan da pis olmaması üçün dua edərsən. Bir çarə, bir çıxış axtararsan özünə, amma bütün bu axtarışların boşadır. Nə səsini eşidən vardır ətrafında, nə də çarəsizliyini görən. Tək başınasan. Aldığın heç bir qərar kifayət etməz, seçdiyin bütün yollar kor küçələrə aparar səni. Hekayənin bitdiyini düşünərsən, sonra nəfəs aldığını hiss edərsən. Aldığın hər nəfəs səni həyata bağlayacaq bir ümidə çevrilər. İtirdikcə yenidən başlayarsan. Daha da güclənərək başlayarsan. Və daha da sürətlə dibə batarsan, ən dibə batarsan. Başın dönər, gözlərin qaralar və şüurunu itirərsən. Sonrası sonsuz qaranlıq.

(Ben De Özledim serialından)

Qadın

Hardasa uzaqda
Kölgəsiz filansız
Görünür qadın..
Qorxaq kişidənsə
Cəsur, yalansız
Kişi kölgəsinə
Bürünür qadın..

Saturday, November 2, 2013

gedənlər

buna darıxmaq deyirlər..
amma acısı adsızdı
arzular qədər.
ki arzular qanadsızdı..

bir yuxuya sığan xatirələr
və yuxusuz gecələr qədər
amansızdı gedənlər..

vicdansızdı sevgilər
nankor sevənlər qədər
və ardına baxmadan
çıxıb gedənlər qədər..

gecələr yanağını
kədərli yaşlar yuyar..
nə gözlərin quruyar
nə də ki gedən gələr..

heyif keçən zamandan
gəlib keçənlər qədər..

Thursday, October 31, 2013

Hitlerin məktubu

Bu səhər Hitlerdən məktub almışam
deyir, "yəhudiləri mən qırmamışam.."
əvvəl zarafat zənn etdim,
sonra ad oxşarlığı..
amma xəttindən bilinirdi Adolfun yazdığı..
yazır, "arxamca çox danışırsız
söyür, təhqir edir, adıma lətifələr çıxarırsız.
düzü, ölümləri üstümə atılan yəhudilər
elə qırılası millət idilər
elə indi Fələstinə baxın, razılaşarsız.
əvvəl o yazıqları xilas edin
sonra haqqımda nə istəsəz yazarsız."
vərəqin üstündə bir az qum dənələri
və bir az da ölüm qoxusu vardı..
yazdığı sözlərin arasına
dünya müharibəsi sığardı..
Yeri dardı yazığın, sümükləri sızlayır.
Məktubunda bizi də unutmayıb,
Bakını da xatırlayır.
"Sizi aldadıblar, gənc,
neft sizin sərvətiniz deyil..
ən pis, ən iyrənc,
ən hiyləgərlərin sərvətidi..
Qarabağ mı?
aranızdan kimsə çıxıb onu geri alacaq mı?
siz qırx birinci ildə uduzmusuz Qarabağı!"
Bir də dedi, saxlayaq ona lənət oxumağı
öldürmədiyi yəhudilər üçün..
yazıb məktubunda hər şeyi düzgün,
amma bircə şeyə inanmamışam..
Deyir, "yəhudiləri mən qırmamışam.."

qız..

qız,
belə danışmamışdıq sənlə..
yalnız
qalmayacaqdıq,
məni aparacaqdın
bir gün çıxıb gedəndə..

qız,
belə danışmamışdıq axı..
sahibiykən evimin
kəsildi səs-sorağın..
bircə günün içində
oldun neçə illərin
erkən gedən qonağı..

qız,
belə danışmamışdıq, yox..
əslində biz
heç danışmamışdıq..
səninlə  biz
biri bahar, biri qışdıq..

Wednesday, October 30, 2013

Adsız qadın

İllər öncə bu yerlərdə
bir adsız qadın vardı..
Boş, kimsəsiz şəhərdə 
adı çıxmışdı
yadımdan..
Unutmuşdum..
Soruşmağa utanırdım
adsız, gözəl qadından..
Qorxum başqa şeydən idi,
niyə qorxum axı addan?
Çəkinirdim deyəcək ki
özümü də çıxar yaddan..

ayaq səslərim..

görürəm ayaq səslərimdən bezmisən, susduqlarıma say.. dinlə gör nələr deyir ayaq səslərim, gör nə pıçıldayır.. bir addımlıq yolu neçə ilə gəldiyini danışır, susmaq istəyir, bacarmır.. mən də bacarmıram, bacarsam, susardım.. palçıqlı yolları necə keçdiyini, gövdəmi üstündə necə gəzdirdiyini, illərcə necə susduğunu danışır, dinlə.. dinləmirsən, elə mən danışanda da dinləmirdin, susanda da.. səssizliyimi anlamağın üçün daha neçə il susmalıydım, bilmədim, susmadım.. ağladım, sızladım, eşidəcəyinə ümid etdim, qışqırdım, çığırdım, eşitmədin.. indi isə ayaq səslərim və sən qalmısan, ya dinləyərsən, anlayarsan, geri dönərsən, ya da bu anlaşılmaz taqqıltının verdiyi əzabla baş-başa qalarsan, öz seçimindi..

Sunday, October 27, 2013

Bir az..

son vaxtlar bir az tənbələm
əvvəlki mən olsam
indi bir az bir işə yarayardım
oturduğum yerdən dura bilsəm
gedib bir kitab oxuyardım
sonra səni sevərdim bir az sənsiz
çay içərdim dəmli ya dəmsiz
bir az çay qoxuyardım

bir az öz-özümə danışdım bayaq
sabah çox şeyə başlayacağam
idman edərək, şən mahnılar dinləyərək
və bir az da səni unudaraq
yeni həyat quracağam
güya..
nəysə, bir az da dəm tökürəm suya.

dünən bir az dərdli görünürdüm
bir az izlədiyim serialın təsirindən idi
bir az yuxusuzluq, bir az da səbəbsiz
bu dəfəki dərdim bir az daha dərindən idi
keçən dəfə hamını aldatmışdım
bir az da onlar inanmışdılar.
əşi, ağlım olsa çoxdan yatmışdım
bir az bezdirib məni bu "bir az"lar..

Saturday, October 26, 2013

Öldürərəm

Mane olan heç nə olmasaydı özümü öldürərdim. Bu kənardan qorxaqlıq kimi görünə bilər, əhəmiyyəti yoxdur. Sadəcə, axı biz müsəlmanıq, bir həyatdı verilib, yaşamağa məcburuq, özümü öldürsəm cəhənnəmi boylayacam, Allah qorusun. Bir də axı arxamca çox danışacaqlar, bir pislik elədiyim üstünə beş qoyub danışacaq. Hələ ağzı boş durmayanların "yəqin validenləri bezdirib" və ya "o qız yandırdı uşağın başını" tipli sözləri də olacaq. Düzünü desəm, bütün bunlar sadəcə bəhanədi. Anamın ağlamayacağını bilsəm iki dəqiqə durmaram, öldürərəm.

Friday, October 25, 2013

Dəyişmisən..

Unudulmaq deyəsən
Asan olmayacaqdı..
İndi gördüyüm bu sən
Köhnə səndən uzaqdı..

Yox, sənə inanmıram..
Aradan aylar keçib,
Güzgüləri sındıran
Baxışların dəyişib..

Necə dəyişmisən, yar,
O vaxtkıyla birmisən?!
Öldürərdim, bir iş var
Əllərimdən kirlisən..

Wednesday, October 23, 2013

qayıt desəm..

bənzəyirdin günəşə,
mən qar adam..
yaraların deşə-deşə
işıq salıb..
bir iz qalıb hər yaradan..
nə biz qalıb,
nə mən, nə sən..
qayıdarmısan görəsən
qayıt desəm?

Və bir gün bir gəmi gəldi..

Və bir gün bir gəmi gəldi illərlə yol gözlədiyimiz sahilə. Bu deyildi gözlədiyimiz. Yox, bu deyildi, bu gəminin yelkənlərindən xoşbəxlik tökülmürdü. Çox gözləmişdim, gözlənənin gəlmədiyini bilə-bilə gözləmişdim, gözləmişdik. Ağlamışdıq, bu dənizi biz yaratmışdıq göz yaşlarımızla, o gəmi gəlsin deyə yaratmışdıq, ağ saçlarımızdan qağayılar, göy gözlərimizdən dalğalar düzəltmişdik, ağlamışdıq. Yox, bu gəmi deyildi uğruna dostlar satdığımız, sevgilər xərclədiyimiz. Susduq, görməzdən gəldik, gəmi gəldi, getdi və biz heç vaxt bilmədik o gəminin gözlədiyimiz gəmi olduğunu, bilmədik, görmədik dağılmış, qırıq-tökük, köhnə gəminin içində gizlətdiyi, dalğalardan qoruduğu xoşbəxtliyi, görmədik, görməzdən gəldik, susduq, susduq, ağladıq..

ay qız

aldadıblar səni, 
ay qız,
hər fəsil bir gün olur..
sən gedəli
gecə yalqız,
gündüzüm sürgün olur.

Monday, October 21, 2013

Yad şəhərli qız

"Sevdiklərini say" dedi yad şəhərli qız, ürəyini qoy dedi ortalığa. "Sevgini say" dedi, susdum. Hörüklərindən asdı məni, sevməyin cəzası imiş bu onun şəhərində, elə dedi. Aldatdı, bilirdim, yalan idi. Əslində o özü də bir yalandan ibarət imiş, Yad şəhərli deyilmiş əslində, saçları saxta imiş, özü dedi, deməsə də hiss etmişdim, saçlarından boya qoxusu gəlirdi. Xoşum gəlirdi. Saçlarından da, özündən də. Şəhərinə qayıtdığı gündən bu yana heç axtarmamışdım onu, bu gün son görüşdüyümüz yerə getdim yad şəhərli qızı tapmaq üçün, saçları yox idi, gözləri yox idi, özü var idi və bir də ona aid sevmədiyim nə varsa hamısı. "Gecikmisən" dedi, gecikmisən..

Sunday, October 20, 2013

DAŞ DÖVRÜ XƏYALLARI

daş dövründən qalma xəyallara dalmışdıq
o vaxtlar eşq hələ icad olunmamışdı
yadımdadı,
daşdan idi hər şey,
amma indi bircə ürəklər daşdı..

köhnə düşüncəliydik o günlərdə.
adı üstündə,
geridə qalmışdıq.
mənliyimizi satacağımız pul yox idi,
və mağaralarda işləmirdi tanışlıq.

makiajsız, gözəl qadınların dövrü idi,
saxta üzlər dövrü başlamamışdı..
susqun vaxtları idi şeytanın
o qədər daşın arasında
heç kimsə şeytanı daşlamamışdı..

bir gün xəyallar parçalandı daşlara dəyib,
görünür daş dövrü sona çatmışdı..
və min illər boyunca
qadın şeytanla,
kişi öz nəfsi ilə yarışdı..