Sunday, October 20, 2013

...

"sən" deyildi
yuxularda görüşdüyüm
yar payı..

çox sərindi
yoxluğunu bölüşdüyüm
çarpayı..

indi gecdi,
keçdi sənlə gülüşdüyüm
yaz ayı.

Saturday, October 19, 2013

bir səhər

və bir səhər yuxudan oyandığımda səni xatırlamayacağam. o gün mənim günüm olacaq. insanları, əşyaları, ağacları heç görmədiyim kimi görəcəyəm. qarşıma çıxan hər kəsə gülümsəyəcək, məni dəli zənn edənlərə əhəmiyyət verməyəcəyəm. həmin gün hər şey başqa olacaq. amma bir qorxu da var içimdə. o günün yuxu olduğunu anlamaq və adını qışqıraraq yuxudan oyanmaq..

Friday, October 18, 2013

Gəl..

sən buradan
gedən günə
doğan günəş
indi yenə
görünüb,
gəl..

daha çatır
payız qışa.
dəniz yatır..
sahil indi
gur yağışa
bürünüb,
gəl..

pal-paltarın
toz basınca,
qatarların
arxasınca
sürünüb gəl..

vardı..

ikimiz bir yorğana bürünüb titrəmək vardı indi
buz tutmuş əlləri nəfəsimlə isitmək..
qaranlıq gizlənincəyə qədər
uduzları izləmək vardı..
donmaq və donduğumu səndən gizləmək vardı..
ölmək vardı indi
son nəfəsimdə yanımda səni görüb
gecənin acığına səssizcə gülmək vardı indi..

Thursday, October 17, 2013

Ayıbdı..

"Gecələr heç özümdə olmuram, Allah eşqinə sus, başım ağrayır. Səsinlə deyil dərdim, baxışlarını kəs. Gündüz baxdıqlarının acısı gecə çıxır, canım çıxır, sən çıxmırsan ağlımdan. Xəyalın elə ruhsuzdu ki gözümün önündə, əgər ağlımdan çıxmaq istəsən ruhunu geyin, görənlərdən ayıbdı, vallah."

O MƏNƏ DOSTUM DEYİRDİ


O mənə dostum deyirdi,
nə vaxt əlini uzatsa tutmalı olduğuma
inandırmaq istəyirdi..
necə tənbəl olduğumu bilir,
bir əli saçımı sığallamaqla məşğul olurdu.
arada bir kənara çəkilir
tək tənha otururdu
sevgililərin qoşa oturduğu skamyada.
deyəsən əslində dost olmadığımızı bilirdi o da..

O mənə dostum deyirdi
mən ona ay qız deyə səslənirdim..
hirslənirdi..
gözündən yuxu töküləndə 
onu bir başqa məsum görürdüm..
dan yeri söküləndə 
hər qız elə olurmuş, hardan bilərdim..
gərək aramızda sərhəd olan dost adını
çoxdan silərdim..

O mənə dostum deyirdi,
niyəsə gecələr məndən sonra yatırdı..
anlaya bilməyəcəyim musiqilər dinləyirdi.
anlayacağımdan qorxurdu.. 
o bilmədən dinlədiyi musiqilər hisslərini satırdı..
ağlamağı çox yaxşı bacarırdı, heyif gözlərindən..
güldürürdüm arada,
hər gülüş sonrası dərdli bir ah çəkirdi dərindən..

O mənə dostum deyirdi.
bu necə dostluq idi, mən də anlamadım.
sevirdi desəm, sevmirdi..
qısqanıb özünü ələ verirdi arada..
nankor deyildim, yaxşı bilirdi..
gülümsəməyə yetirdi 
ağ da, qara da,
əgər göy qurşağını yadıma salmasaydı..
kaş dostum deyib canımı almasaydı..

Wednesday, October 16, 2013

...


axan damla gözündən
gözlərimə yağırdı..
deyəsən
çox ağırdı
məndən aldığın qisas..
indi boş qalıb
bir az
yorğun əllərim..
və sən
özgə əllərindəsən..

İki nəfər


Biz elə əvvəldən iki nəfər idik. Bir yalnız, bir kimsəsiz. Yalnızlığımı sənə qurban verib kimsəsizliyinə ortaq olmaq istəmişdim, necə dəyərli kimsəsizliyin var imiş, istəmədin.
Biz elə əvvəldən iki nəfər idik. Bir lal, bir susqun. Səni görəndə dilim tutulardı, sənsə mənimlə danışmağı özünə rəva bilməzdin.
Biz elə əvvəldən iki nəfər idik. Bir bəxtsiz, bir bədbəxt. Bədbəxtliyini çəkib almaq istədim, bəxtim gətirmədi.
Biz elə əvvəldən iki nəfər idik. Bir ola bilmədik, ayrılarkən necə yarım qaldım, bilmirəm..

Axı mən..

Əlimdə olsa günümü musiqi dinləməklə keçirər, qara vərəqə qara mürəkkəblə heç vaxt oxunmayacaq şeirlər yazar, gözlərim kor oluncaya qədər ağlayar, uşaqlıqda etdiyim kimi odeyaldan və stullardan otaq düzəldib saatlarla içində oturar, çarpayı yerinə döşəmədə yatar, aylarca əllərimi yumaz, bütün içkilərin yerinə çay içər, evimin açarını özümün də tapa bilməyəcəyi yerdə gizlədib saatlarla axtarar və heç kimlə danışmadan günlərlə susardım. Nə edəsən ki, əlimdə deyil, axı mən böyümüşəm, axı mən tələbəyəm, axı mən kişiyəm, axı mən məsuliyyətliyəm, axı mən, axı mən, axı mən istəməmişdim bu həyatı, axı mən insanların məni gördükləri adam deyiləm..

Tuesday, October 15, 2013

...


hava qaralan zaman
əlim yorulmur qəti,
yazmaq həvəsi gəlir..

vərəqə təslim olan
bu qələmin həsrəti
onun nəfəsinədir..

sakitcə pıçıldayan,
titrəyən qadın səsi
lay-lay əvəzinədir..

"yorulmusansa, dayan"
deyir onun surəti,
bunun səbəbi nədir?

Monday, October 14, 2013

yuva


bu son elədiyinlə
sinəmə dağ vurmusan.
yuvamızı dağıdıb,
qumdan yuva qurmusan..

indi bir neçə saat
baxılacaq bu yuva,
sonra adi küləkdən
dağılacaq bu yuva..

nə tez çıxıb yadından
yuvasız da şad idik.
bizə yuva verməyən
bu şəhərə yad idik..

varımız iki qaşıq
bir qırıq tava idi.
amma o vaxtı bizim
qəlbimiz yuva idi..

...

Başını çiynimə qoy, gəl sakit bir gün keçirək. Sən məni sevmədiyini unut, mən sənin yalanlarını. Heç nə olmayıbmış kimi, aradan aylar keçməyibmiş kimi, xoşbəxtikmiş kimi..
Bəlkə zamanı da dondura bilərik, elə həmin anda qalar hər şey. Sənin gerçək üzünü unudaram beləcə, yalanlarını xatırlamadan, canım yanmadan, vicdan əzabı çəkmədən sevərəm səni..

Sunday, October 13, 2013

Nədəndi?

Səndə günah mı gördüm mən? Bu nə özünə haqq qazandırma cəhdləridi? Yuxusuzluğun, psixoloji narahatlığın, islanmış kirpiklərin, yol çəkən gözlərin səbəbi sənsən mi dedim ki bəhanələrlə gəlmisən qarşıma? Sən əl uzatdın da əlinimi tutmadım? Sən susdun da danış mı dedim? Mən deyilmiydim dəsmal sanıb gözlərini sildiyin? Mən deyilmiydim yerə atdığın, görməzdən gəlib qırdığın? Sən deyilmiydin sənə uzanan əlləri geri çevirən? Bəs indi bu yalvarışların nədəndi?

...

Olan qalan köhnə bir daxmam var idi yaşadığım və bir qadın var idi sevdiyim. Bir qabdan yemək yeyər, bir yorğana bürünərdik. Şam işığında oturar, alaqaranlıqda göz-gözə baxardıq. Bir üşüyər, bir qızınardıq. Bizimkisi romantika deyildi, bizimkisi kasıblıq idi.

Itirmişəm

Üst-üstə qalanıb neçə düşüncə
Toxunma qəlbimə, hisslərim incə
İtirdim özümü səni görüncə
Bəlkə də ağlımı itirmişəm mən..

İndi kimi görsəm səni andırır
istidən donuram, soyuq yandırır
İçdəki atəşi ruh canladırır
Ruhumu ruhunda itirmişəm mən.

Özüm özüm ilə danışmaqdayam
Başqa həyatlara qarışmaqdayam
Daha sənsizliklə barışmaqdayam
Bütün ümidləri itirmişəm mən.

You never change


Dreaming about you
I feel glad, that's true
That's amazing.
Feels are changing..
It looks so strange
But you never change.

It is happiness I realize
Seeing those brown eyes
Like a piece of music you sound
Nobody is like you around.
Anyone is not the same
But you never change..

Years passed, but u r the same.
I can't believe, it feels like a game..
I'm a cloud, you are the rain,
Come with me, it's the last train..
And if we open a new page
I'm sure, you never change..

...

Payızdanmıdır nədir, çox uzaqlara baxıram. Bəlkə də getdiyin yeri bilmədiyimdəndir, səni görmək ümididir mənimki. Gözlərimin uzaqlara ilişməsini özümə niyə dərd etdiyimi bilmirəm, nə itirərəm ki? Səni görməsəm də gözlərim dincələr, illərin yorğunluğu var nə də olsa..

Saturday, October 12, 2013

Bəhanəsən


Sən yuxusuz gecəsən,
Yazılmamış şeirsən,
Bilmirəm daha nəsən..
Özün yaxşı bilirsən
Mən yuxunu sevmirəm,
Vallah
Sən bəhanəsən..

Thursday, October 10, 2013

Unutmusan


Yanındakı kimdi axı,
Bu nə əllərdi tutmusan?
Məndən sonra ürəyini bağlamağı
unutmusan..

Gözlərindən hiss olunur
ağlamağı unutmusan..

İnanmağım gəlmir indi
Günəşmisən, buludmusan?
İnandığım bircə şeydi
Ağlayanda göz yaşımı
saxlamağı unutmusan..

Nə bilərdim çox dəyişir gedənlər..
İnanmıram, inanmaram,
Sənin deyil bu əllər..
Ayrılarkən əllərini
yoxlamağı unutmusan..

Wednesday, October 9, 2013

darıxıram..

ayaq saxla, bir dayan
gözlərim onu gördü
qamaşdığı sırada..

bir bax onu andıran,
qara saçı hörüklü
kimsə var mı orada?

ürəymi yandıran
o gözəl qızdan ötrü
darıxıram arada.