Məndən soruş necəyəm
Mən boynumu bükmədən,
Bil nə vaxt gələcəyəm
Yollara su tökmədən.
Məndən soruş hardayam,
Bir qəliz bezardayam.
Örtülü bazardayam
Yel damını sökmədən.
Axtarıb tap yerimi
Bitirmədən səbrimi.
Ölürəmsə, qəbrimi
Bir özgəsi tikmədən.
Məndən soruş necəyəm
Mən boynumu bükmədən,
Bil nə vaxt gələcəyəm
Yollara su tökmədən.
Məndən soruş hardayam,
Bir qəliz bezardayam.
Örtülü bazardayam
Yel damını sökmədən.
Axtarıb tap yerimi
Bitirmədən səbrimi.
Ölürəmsə, qəbrimi
Bir özgəsi tikmədən.
Küləyin saçına düşəndə meyli
Çırpılır üzümə sillə tellərin,
Nəzərim simanı gəzir tüfeyli
Kəsir baxışımı güllə tellərin.
Gördükcə mənim də qabarır sinəm,
Heyrətlə baxıram onun rəqsinə,
Soyuqda gizlənir qarlı köksünə
Açılır baharda güllə tellərin.
Ətrinə bürünsə çiçəkli yamac,
Sönük nəfəsimə olacaq əlac.
Həm də əllərimə qal deyə möhtac
Qarışsın hər səhər yellə tellərin.
Gözlərin doludur buludlar kimi
Yanağın səhradır quru altında.
Çarəsiz halına ürək qar kimi
Əriyir üzünün nuru altında.
Görürəm, üstünə kaman tuşlanıb,
Bu kimdir yuvana atır daşları?
Ruhunun nəğməkar qaranquşları
Əzilir ovçunun toru altında.
Vaxtdır, qiyamətə nə qalıbdı ki?
Susmusan, dilini kim alıbdı ki?
Qaşların o qədər çatılıbdı ki,
İsrafil gizlədib suru altında.
Məni gücsüz bilib yanılmayasan!
Qoluma gir ki tək sanılmayasan.
Örtün yaşmağını, tanınmayasan,
Yorğun gülüşünü qoru altında.
Gövdəmin içində tək bir əsirəm,
Qalanım dolanır xatirələrdə.
Özümü qayğılı gündə gəzirəm,
Amma ki tapıram fasilələrdə.
Mən elə bilsəm də silinib tamam,
Baxıram, hər yola bir iz salmışam.
Sanırdım mən elə eyni adamam,
Hərədə bir özgə adam olmuşam.
Anamın yadında hələ uşağam,
Atamın yadında cavan qalmışam,
Babamın yadında mən də torpağam,
Qızımın yadında tez qocalmışam.
Görəsən qəlbinin bir qırağında
Sənin də yadında nə cürsə varam?
Bəlkə qocalanda, ahıl çağımda
Hələ də ağ atlı oğlan olaram.
Xeyri yox, axtarıb yoruldum əbəs,
Yenə bu adamın yadam içində.
Hansı köynəyimi geyinim de bəs?
Nə üzlə dolanım adam içində?
Çiynim əllərinin məzarlığıdır,
Gözlərim sulayır başdaşlarını.
Sinəm saçlarının bezarlığıdır,
İlişir qəlbimin tikanlarına.
Kədərin tanıyır gur qaşlarımı,
Çatılır dost olur kirpiklərimə.
Bəlkə bir əzabdır, bəlkə də qəzəb
Sənin surətində gördüklərimə.
Amma qəribsəmə, demə nə kindir,
Demə ki, nə qəmdir üzündə gəzən?
Gördüyün üz deyil, sənin izindir,
Qəlbimin əksidir, qırıq güzgüdür.
Fəqət ki taledir, ta ki ölməsəm
Ha qaçsam varlığın yoldur, cizgidir...