Thursday, September 12, 2013
...
Son bir dəfə əllərimi qandallayacağam, özüm edəcəyəm bunu, sizlərin acığına. Zəncirləyəcəyəm ayaqlarımı və yeriməkdən məhrum edəcəyəm özümü. Sürüşkən bir zəmində oturacağam əvvəlcə. Sonra isə ayağa qalxmağa cəhd edəcəyəm. Uğursuzluq! Hər dəfəsində, hər cəhdimdə döşəmənin sürüşkənliyi ilə yerə çırpılacağam və bunu ayağa qalxmağa cəhd etmək üçün gücüm qalmayana, yerə çırpılmaqdan çiynim, qollarım ağrayana, qandallar qollarımda, zəncirlər ayaqlarımda iz salana, uğursuzluğun və ağrının verdiyi əsəbdən bütün bədənim titrəyənə, davamlı işgəncənin səbəb olduğu narahatlıq və bu işə başlamanın peşmaçılığı onsuz da yerlə bir olan psixologiyamı korlayana qədər davam edəcəyəm. Son cəhd və mən yerdəyəm, çirkin döşəmə özünə həbs etdi gövdəmi, qalxa bilmirəm, təngənəfəslik və yorğunluq bütün yaşama həvəsimi əlimdən almaqdadır. Qandallar, zəncirlər tərpənməyimi daha da imkansız hala gətirir. Son yalvarışlarım, "öldürün məni!" və sakit amma sükunətdə hiss olunacaq ayaq səsləri. Xilaskarım və ya cəlladım, hansı olduğunu bilmirəm. Yalvarışlar davam edir, ruhumun əzildiyini, qürurumun incildiyini hiss edirəm. Ölümü bu qədər arzulayacağımı təsəvvür etməmişdim, özümü hərəkətsizliyə məhkum edərkən işlərin bu dərəcəyə gəlib çatacağını düşünmürdüm. Ayaq səsləri dayandı. Zəif bir çıqqıltı və güllə səsi..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment