Sunday, October 20, 2013

DAŞ DÖVRÜ XƏYALLARI

daş dövründən qalma xəyallara dalmışdıq
o vaxtlar eşq hələ icad olunmamışdı
yadımdadı,
daşdan idi hər şey,
amma indi bircə ürəklər daşdı..

köhnə düşüncəliydik o günlərdə.
adı üstündə,
geridə qalmışdıq.
mənliyimizi satacağımız pul yox idi,
və mağaralarda işləmirdi tanışlıq.

makiajsız, gözəl qadınların dövrü idi,
saxta üzlər dövrü başlamamışdı..
susqun vaxtları idi şeytanın
o qədər daşın arasında
heç kimsə şeytanı daşlamamışdı..

bir gün xəyallar parçalandı daşlara dəyib,
görünür daş dövrü sona çatmışdı..
və min illər boyunca
qadın şeytanla,
kişi öz nəfsi ilə yarışdı..

No comments:

Post a Comment